Rusiya ilə sülh danışıqları hələ ki, mümkün görünmür


Hərbi-siyasi aktivlik Ukraynanın lehinə dəyişir

  “Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılması indiki situasiyada mümkün görünmür”. Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, avqustun 5-də Soçidə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin öz təkliflərini Kiyevə Ankara vasitəsilə çatdırıb: 

“Rəsmi Kiyevdən verilən açıqlamada aydın olur ki, Moskvanın şərtləri Ukraynanı indiki statusla danışıqlara məcbur etməkdir. Təbii ki, rəsmi Kiyev buna getməz. Həlledici döyüşdə üstünlük əldə etdikdən sonra Kiyevin sülhə gedəcəyi bəllidir. Ukraynaya  hücum silahlarının verilməsi əks-hücumlarla nəticələnəcək və Rusiyanın Ukrayna ilə real danışıqlar masasında kompromisə getməsini şərtləndirəcək. 

Belarus nümayəndə heyəti danışıqlar üçün Moskvanın istəyi ilə Kiyevdə olub. Lakin danışıqlar nəticə verməyib. Amma bu haqda rəsmi açıqlama verilmədi. Ukrayna ona görə böyük miqyasda hücuma keçmir ki, Rusiyanın resursları tamamilə tükənsin, raketlərlə Kiyevi yenidən atəşə tutmasın. Rusiyanın nüvə silahına əl atma ehtimalı zəifdir. Çünki bu, Kremldə hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Hərbi-siyasi aktivlik Ukraynanın lehinə dəyişir. Soçidə Putinlə Ərdoğan Ukrayna məsələsini müzakirə etsə də, sülh danışıqlarına başlamaq üçün razılıq əldə edilməyib. 

Çünki Rusiyanın şərtləri qəbuledilməzdir. Amma Putin yaxşı bilir ki, danışıqlar raundu başlayacaq və bunu Türkiyə aparacaq. Ankara da Ukraynanın sahədə tam üstünlüyü əldə etməsini gözləyir”.