Rusiya artıq dayanmalıdır!

“Çünki  rəsmi Moskva  mövqeyində tərəddüd etməyə başlayıb”

“Ukrayna isə özündəki potensialı görür və müharibədə dönüş edir”

Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başa çatıb.

Lvov şəhərinin Pototski sarayındakı görüş 40 dəqiqə davam edib. Görüşdə Ukrayna Rusiya müharibəsi və taxıl ixracı məsələsi müzakirə edilib. Daha sonra Zelenski və  Ərdoğanın iştirakı ilə Türkiyənin Ukraynanın infrastrukturun müharibədən sonra bərpasında iştirakını nəzərdə tutan anlaşma memorandumunda öz əksini tapıb. Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar. Ehtimal edilir ki, Türkiyənin hökumət və biznes strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin konsaltinq və texniki yardım göstərə bilərlər. İlkin layihə kimi isə Kiyev vilayətinin Romanovka kəndində Buça və İrpen şəhərlərini paytaxtla birləşdirən körpünün bərpası nəzərdə tutulur. 
Sammitin ardından hər iki lider mətbuat konfransında açıqlama verib.
Konfrans zamanı Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. O qeyd edib:

“Cənab Zelenski ilə bugünkü ikitərəfli görüşlərdə biz ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətləri bütün ölçülərdə qiymətləndirdik. Təbii ki, 6 aya yaxındır davam edən müharibə danışıqlarımızın əsas mövzusu olub.Bu münasibətlə biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladıq. Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafında davam edən toqquşmalardan narahat olduğumuzu bildirdik. Biz yeni Çernobıl yaşamaq istəmirik”.  

Ukrayna lideri V.Zelenski də bəyan edib ki, Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir:

“Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”. 

 Xatırladaq ki, Lvov görüşü Ərdoğanın  Rusiya-Ukrayna münaribəsindən sonra  rəsmi Kiyevə ilk səfər olub. 

Görüşün “kod”larını "Sherg.az"a açan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, səfər  Rusiya- Ukrayna münasibətlərinin bərpasında  körpü rolu oynayacaq:

"Bu görüş Türkiyənin  Ukrayna- Rusiya münasibətlərində ciddi, praktiki əhəmiyyəti olduğunu bir daha sübut etdi. Quterreşin iştirakı ilə taxıl böhranının həllini irəliləyiş kimi düşünə bilərik. Lakin sülhdən danışmaq tezdir. Çünki Rusiyanın eskalasiyası davam edir. Bu mənada da  Zelenskinin  məntiqində kifayət qədər həqiqət var. Hesab edirəm ki, Rusiya artıq dayanmalıdır. Çünki  rəsmi Moskva  mövqeyində tərəddüd etməyə başlayıb. Ukrayna isə özündəki potensialı görür və müharibədə dönüş edir. İndiki məqamda rəsmi Kiyevin güzəştə getməsini güman etmək olmaz.  Əlbəttə, bu müharibənin bitməsini istəyən hər kəsin arzusudur. Amma işğal rejimi başa çatmalıdır. Müharibə bitməsə, müsbət nəticələrin əldə olunması mümkün deyil. Əlavə olaraq Zaparojye AES məsələsi də gündəmə gəlir. Məncə, onu  beynəlxalq birlik qoruya bilər".