Bayden-Putin görüşü mümkündürmü və nələr vəd edir? - AKTUAL

Elçin Xalidbəyli:“Amerika Ukrayna üzərindən Rusiyaya qarşı “proxy war” modeli ilə müharibə aparır”

“Və bu baxımdan da Ukrayna savaşının sona çatdırılması da məhz  ABŞ və Rusiya prezidentlərinin anlaşması ilə mümkün ola bilər”

“Ağ Ev hazırda Ukrayna savaşının mümkün qədər uzadılaraq Rusiyanın zəiflədilməsinə çalışır”


İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares G20 sammitində rəsmi Cakartanın Rusiya və ABŞ liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırda bunun üçün bütün imkanlar  var. Səfir həmçinin qeyd edib ki, Ukrayna İndoneziyadan Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş təşkil etməyi tələb etməyib. Daha əvvəl isə İndoneziya Prezidenti Coko Vidodo  Putin və Çin lideri Si Cinpin Balidə keçiriləcək G20 sammitində iştirak etməyinin planlaşdırıldığını deyib.

Siyasi şərhçi  Elçin Xalidbəyli gözlənilən Putin-Bayden görüşünü“Sherg.az”a şərh edib. O qeyd edib ki, İndoneziya rəsmi dairələrinin ABŞ və Rusiya prezidentlərini görüşdürməyə çalışması başadüşüləndir:

“Çünki, Ukrayna savaşının uzanması dünya iqtisadiyyatını çökdürür. Ona görə də yəqin ki, bundan sonra ABŞ və Rusiya prezidentlərinin görüşdürülməsinə yönəlik cəhdlərin sayı artan xətt üzrə davam edəcək. Artıq hamı tam dəqiqliyi ilə bilir ki, Ukrayna savaşının əsas ssenari müəllifi və təşəbbüskarı rolunda məhz ABŞ çıxış edir. O, Ukrayna üzərindən Rusiyaya qarşı “proxy war” modeli ilə müharibə aparır. Və bu baxımdan da Ukrayna savaşının sona çatdırılması da məhz  ABŞ və Rusiya prezidentlərinin anlaşması ilə mümkün ola bilər”. 

E.Xalidbəylinin qənaətincə, indilik Ağ Ev  sahibi Co Bayden və Rusiya liderinin görüşdürülməsinin  müsbət nəticə verə biləcəyi qətiyyən inandırıcı görünmür:  

“ABŞ prezidenti hakimiyyətə gəldiyi ilk gündən Rusiya ilə qarşıdurma xəttinə üstünlük verir. Vaxtilə  Co Bayden V.Putini “qatil” adlandırmışdı. Ardınca NATO-nun Rusiyaya həddini bildirəcəyi barədə mesajlarla iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirdi. İndisə Ukrayna savaşına münasibətdə ABŞ və Rusiya fərqli səngərlərdə mövqe tutublar.Nəhayət, ABŞ siyasi dairələrində Rusiyanın beynəlxalq terrorizmi maliyyələşdirən dövlət kimi tanınmasına yönəlik hazırlığın olduğu rəsmən elan edilib. İndi Ağ Ev sahibi beynəlxalq terrorzimi maliyyələşdirməkdə günahlandırdığı Rusiya prezidenti ilə hansı arqumentlər üzərindən görüşə bilər? !”. 

Analitik vurğulayıb ki, liderlərin gözlənilən  görüşdə hansı mövzuları  müzakirə edə biləcəkləri kifayət qədər mübahisəli mələsədir: 

“Əgər belə bir görüş olarsa, Rusiya- Ukrayna savaşı istənilən halda əsas mövzu kimi ön plana keçə bilər. ABŞ isə hazırda Ukrayna savaşının mümkün qədər uzadılaraq Rusiyanın zəiflədilməsinin əsas təşəbbüskarıdır. Ona görə də Ağ Ev sahibinin Ukrayna savaşının dayandırılmasına razılıq verəcəyi o qədər də inandırıcı deyil. Rusiyanın ABŞ-ın təlimatları ilə idarə olunan dövlətə çevrilmə şərti ilə rəsmi Kreml sahibi də barışmaz”. 

Siyasi şərhçinin fikrincə,ABŞ  Rusiya-Ukrayna savaşının sona çatmasını istəsəydi, Bayden-Putin görüşünə ehtiyac belə qalmazdı: 

“Belə olduqda, ABŞ-ın Ukrayna savaşının uzadılması taktikasından imtina etməsi sülhün təmin edilməsinə yetərli olardı. Çünki bu məsələni hazırda Türkiyə böyük uğurla həll etmək imkanlarına malikdir. 

Ukrayna və Rusiya Türkiyənin vasitəçilik missiyasına etibar edirlər. Və bu, yeganə uğurlu nizamlama variantıdır. Bütün bunları nəzərə alsaq, ABŞ və Rusiya prezidentlərinin görüşünün baş tutması o qədər də real təsir bağışlamır.

 Üstəlik, hətta belə bir görüş olsa belə, ondan hər hansı müsbət nəticə gözləmək sadəlövhlük olardı”.