Dünyada yeni nizam formalaşır

Elizabet Trassın baş nazirliyi dövründə Böyük Britaniya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edəcək

  Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri təyin olunması münasibətilə xanım Elizabet Trassa təbrik məktubu göndərib. Məktubda Azərbaycanla Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyi qeyd olunub. Vurğulanıb ki, dövlətlərarası əlaqələrimizin, siyasi, iqtisadi-ticari, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı səviyyəsi xüsusi məmnunluq doğurur: "Birləşmiş Krallıq Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. 

Ölkənizi təmsil edən şirkətlər, o cümlədən neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP Azərbaycanda uğurla fəaliyyət göstərir. Bir sıra vacib layihələrin həyata keçirilməsində iştirak edirlər. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uzunmüddətli və məhsuldar işbirliyimiz qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır”. 

  Politoloq, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Azərbaycan və Böyük Britaniya əlaqələri həmin ölkədə hökumətin dəyişməsi ilə deyil, strateji tərəfdaşlıq edən iki dövlət arasındakı sazişlərlə, müqavilələrlə tənzimlənir. Ekspertin sözlərinə görə, Böyük Britaniya şirkətləri 30 ilə yaxındır Azərbaycana investisiya qoymaqdadır:

 "Qərbin enerji diversifikasiyasını London-Bakı münasibətləri də dəstəkləyir. O baxımdan Britaniyada hökumətin dəyişməsi Azərbaycanla əlaqələrə mənfi təsir göstərməyəcək. Dövlətlərarası münasibətlər daha önəmli və əsasdır. Dünyada yeni nizam formalaşır və bu nizamda Böyük Britaniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Dövlət başçısının Britaniyanın xanım baş nazirinə təbrik məktubu və orada qeyd olunan məqamlar əhəmiyyətlidir. 

Düşünürəm ki, Britaniyanın Baş naziri E.Trass da Cənubi Qafqaz siyasətinə və Azərbaycana daha çox diqqət ayıracaq. 44 günlük Qarabağ müharibəsindən sonra London-Bakı münasibətlərində yeni mərhələ başlayıb.

 Sabiq baş nazir Boris Consonun Türkiyə və Cənubi Qafqaz siyasəti bir qədər gücləndirilmiş formada davam etdiriləcək. Ümumiyyətlə, Britaniyada hökumət dəyişikliyini siyasi böhran kimi dəyərləndirməyi doğru saymıram. 

Bu, ölkə siyasətinin yenilənməsi və daha keyfiyyətli müstəviyə daşınmasıdır. Britaniyada hökumət dəyişiklikləri ölkənin siyasi-iqtisadi həyatında böhran yaratmır. 

Böyük Britaniya oturuşmuş, təməl prinsipləri olan dövlətdir. Londonun Cənubi Qafqazda öz prioritetləri var və Azərbaycan burada xüsusi önəm kəsb edir".