Tacikistan Orta Asiyanın "Ermənistanıdır"

Böyük ehtimalla Türkiyə Qırğızıstan-Tacikistan qarşıdurmasına müdaxilə edəcək

  Qırğızıstan-Tacikistan sərhədində gərginlik davam edir. Qırğızıstanın dövlət qurumlarının məlumatına görə, Batken vilayətində silahlı qarşıdurmda həlak olanların sayı 60-dan çoxdur, yaralılar isə 140 nəfərə çatıb. Tacikistan isə itkilərlə bağlı rəsmi məlumatları açıqlamayıb. Məlumat üçün deyək ki, sentyabrın 16-da Qırğızıstan və Tacikistan sərhədinin bir neçə hissəsində dərhal atışma başlayıb və bu, insan tələfatı ilə nəticələnən böyük toqquşmalara çevrilib. Bir gün sonra Oş vilayətinin Çon-Alay rayonunda vəziyyət gərginləşib, iki ölkənin hərbçiləri arasında atışma olub. Tərəflər vəziyyətin gərginləşməsində bir-birini günahlandırıblar. 

Bunun 2021-ci ilin yazından bəri iki qonşu ölkə arasında baş verən ən böyük zorakılıq olduğu deyilir. Orta Asiyada sərhəd problemləri daha çox Sovet dövrü ilə bağlıdır, o zaman Moskva bölgəni etnik qruplar arasında bölməyə çalışıb. Son illərdə iqlim dəyişikliyi fonunda su qıtlığı ilə bağlı mübahisələrlə bağlı da gərginlik yaranıb. Hər iki tərəf bir-birini münaqişəni qızışdırmaqda, ağır silahlardan və pilotsuz uçuş aparatlarından istifadə etməkdə ittiham edir. Beynəlxalq Qızıl Xaç Komitəsi sentyabrın 17-də Qırğızıstan-Tacikistan sərhədində hərbi əməliyyatların intensivləşməsi və onun humanitar nəticələrindən narahatlığını bildirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi mübahisəli məsələlərin həlli üçün güc tətbiq etmək cəhdlərini qəbuledilməz adlandırıb. Təşkilat siyasi və diplomatik yanaşmalara alternativ olmadığını, davamlı kompromis əldə etmək üçün vasitəçilik səylərini artırmağa hazır olduğunu vurğulayıb: "Qırğızıstan və Tacikistan KTMT-nin məsuliyyət zonasında sülhün və sabitliyin təmin edilməsinə böyük töhfə verir. Buna görə də Bişkek və Düşənbə arasında konstruktiv dialoq təkcə bu iki ölkə üçün deyil, təşkilata üzv olan bütün dövlətlərə lazımdır". 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, iki ölkə arasındakı gərginliyin səbəbi Fərqanə vadisinə görədir. Professor vurğulayıb ki, Orta Asiyanın ən məhsuldar torpaqları Fərqanə vadisindədir: 

"Vadi üstündə zaman-zaman Orta Asiya ölkələrinin qarşıdurması yaşanır. Qırğızıstan və Tacikistanla yanaşı Özbəkistan da qarşıdurmalarda iştirak edir. Sovet vaxtı belə münaqişələrin yaşanması mümkün deyildi. Əfsuslar olsun ki, müstəqillikdən sonra gündəmə gəlmiş sərhəd problemi hələ də həllini tapmayıb. Əvvəlki dönəmlərdə iki ölkə arasındakı münaqişələrin əsas hərəkətverici qüvvəsi Rusiya idi. İndi isə bu dövlətləri qarışdıran İrandır. Tacikistan farsdilli ölkədir və İranla yaxınlığı bəllidir. Orta Asiyadakı ən böyük forpost, belə demək mümkündürsə, Orta Asiyanın "Ermənistanıdır". Rusiya hələ də öz ambisiyalarından əl çəkməsə də, indiki qarşıdurma Kremlə sərf etmir. Bölgədə baş verən proseslərdə Rusiya və İran təsiri ilə yanaşı, ABŞ-ın da müəyyən rolu var. Əfqanıstanla-Tacikistan münaqişəsi bunun bariz nümunəsidir. "Taliban" təşkilatı birmənalı şəkildə ABŞ-ın regiondakı ən böyük dayağıdır". 
  C.Nuriyev vurğulayıb ki, İranın əsas dərdi isə Orta Asiya regionunu qarışdırmaq və Turanın yaranmasına mane olmaqdır: "Tehran rejimi türk birliyi məsələsinə çox qısqanclıqla yanaşır. Bu məsələdə Rusiya ilə İranın mövqeləri üst-üstə düşür. Düzdür, normal məntiqlə iki müsəlman ölkənin üz-üzə gəlməsi İranın qəbul etmədiyi məsələ olmalıydı. Lakin fars rejiminin necə bir siyasət yeritdiyi hamımıza bəllidir. Ona görə də bölgəni qarışdırmaq üçün bütün imkanlardan istifadə edirlər. 
Türkiyə Qırğızıstan-Tacikistan arasında vasitəçilik edə bilər. Sadəcə, hazırda qardaş ölkənin başında bir çox məsələ var. Ona görə də Türkiyə regional problemləri tədricən həll edir. Böyük ehtimal Türkiyə Qırğızıstan-Tacikistan qarşıdurmasına da müdaxilə edəcək".