Putinin açıqlaması iqtisadi əsaslara söykənmir


Rusiya MDB ölkələrinə "gəlin, milli valyuta ilə alver edək" deyir, bu, mümkünsüzdür
"Milli valyutalarla ticarət dövriyyəsinə yenə də SSRİ dağılan zaman başlasaydılar, bəlkə nəsə etmək olardı. Lakin indi çox gecdir"
  MDB ölkələri arasında qarşılıqlı hesablaşmaların milli valyutalara daha intensiv keçidi onların ticarət dövriyyəsinin artmasına kömək edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edərkən bildirib. Rusiya prezidenti qeyd edib ki, bu gün MDB Dövlət Başçıları Şurasının gələn həftə Astanada keçiriləcək tam formatlı illik iclasına qədər "saatları sinxronlaşdırmaq" imkanı var. "Qazaxıstanın sədrliyi öz gündəliyinə siyasət, iqtisadiyyat və humanitar sahədə inteqrasiya əməkdaşlığının həqiqətən mühüm mövzularını təqdim edir. Həmişə olduğu kimi, təsdiqlənmə üçün birgə sənədlər paketi hazırlanır. Təbii ki, bu görüşdə və sammitdə biz Astanada MDB çərçivəsində ticarət və investisiya tərəfdaşlığının daha da inkişafına üstünlük verəcəyik, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması yolu ilə bütün iqtisadiyyatlarımızın sabitliyini artırmaq, texnoloji suverenliyin təmin edilməsi üçün birgə işi necə gücləndirmək barədə düşünəcəyik", - Putin bildirib. Rusiya lideri bu kontekstdə dövlətlər arasında iqtisadi əməkdaşlığın davamlı olaraq genişləndiyini, ötən il Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsinin 30 faizdən çox - 96 milyard dollara qədər artdığını, cari ilin birinci yarısında isə daha 7 faiz artdığını qeyd edib. "Əminəm ki, Birlik ölkələri arasında qarşılıqlı hesablaşmalarda milli valyutalara daha sürətli keçid bu cür müsbət tendensiyaları inkişaf etdirəcək. Əslində, uzun illərdir ki, istənilən siyasi vəziyyətdə bunu edirik və bu, heç bir halda digər amillərlə bağlı deyil", - dövlət başçısı qeyd edib. Putinin sözlərinə görə, bu, Birlik dövlətlərinin maliyyə suverenliyini gücləndirməyə, daxili kapital bazarlarını inkişaf etdirməyə və regional iqtisadi inteqrasiyanı dərinləşdirməyə kömək edəcək.
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında V.Putinin milli valyutalarla bağlı açıqlamasının iqtisadi əsaslara söykənmədiyini bildirdi:
" Bu, çoxşaxəli və dərin mövzudur. Hər bir ölkənin milli valyutasının dəyəri – məzənnəsi, ölçü vahidi var. İstənilən ölkələr arasında hər hansı ticarət aparılırsa, ilk növbədə o ölkələrin milli valyutasının dəyəri müəyyənləşməlidir. Məzənnə müəyyənləşmədən necə ticarət aparmaq, alış-veriş etmək olar? Bu gün bütün dünyada etalon valyuta ABŞ dollarıdır. Qızılın ölçü vahidi də dollarla təyin edilir. Dünyada tətbiq edilmiş beynəlxalq ödəniş sistemi “VİSAcart” və “Maestrocart”dır. Rusiya hazırda hər iki beynəlxalq ödəniş sistemindən təcrid edilib. Rusiyanın bütün bank sektoru çökmüş vəziyyətdədir. Rusiya özü “MİR” ödəniş sistemini yaradıb, lakin bu yalnız Rusiya ərazisində tətbiq edilir, onun kənara çıxmaq imkanları sıfırdır. Belə vəziyyətdə Rusiya MDB ölkələrinə “gəlin, milli valyuta ilə alver edək”, deyir. Bu, mümkünsüz bir işdir. Etmək olar, lakin mikro-iqtisadi cəhətdən. Bu da olacaq, bildiyiniz barter üsulu; sən mənə qaz ver, mən sənə neft, metal, boru, taxta... Bir neçə ölkənin milli valyuta ilə ticarət aparması heç vaxt makro-iqtisadi sahəyə inteqrasiya edə bilməz. Milli valyuta ilə ticarət yalnız 1-2 dövlətin öz arasında, “məndən-sənə, səndən–mənə” sistemi olacaq. Burda hansı “maliyyə suverenliyini gücləndirmək”dən, “daxili kapital bazarlarını inkişaf etdirmək”dən söhbət gedə bilər? Bu gün ABŞ valyutasından kənar hansısa ticarət dövriyyəsi təşkil etmək mümkün deyil. Vaxt vardı, sovet rublu SSRİ-dən kənarda – Avropa və bəzi başqa ölkələrdə keçərli idi. Milli valyutalarla ticarət dövriyyəsinə yenə də SSRİ dağılan zaman başlasaydılar, bəlkə nəsə etmək olardı. Lakin indi çox gecdir. Heç bir iqtisadçı belə əsassız fikir söyləməz. İdeoloji baxımdan, nəzəri cəhətdən bəlkə də mümkündür, amma bunu tətbiq etmək mümkün deyil. Bir zamanlar Türkiyə ilə Rusiya arasında da milli valyutalarla ticarət əlaqələri yaratmaq fikirləri səsləndi, fikir, istək olaraq da qaldı. Belə bir sistem istəyirlərsə, əvvəlcə yaratsınlar, sonra tətbiqinə başlasınlar. Görək, alınırmı? Rusiyanın dünyadan təcrid olunması getdikcə genişlənir deyə, V.Putin belə bir fikir ortaya atır, amma onun iqtisadi əsaslara söykənmədiyini əslində, MDB başçıları da çox gözəl bilir".