Avropa İttifaqı İranın 11 fiziki və 4 hüquqi şəxsinə, o cümlədən İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Aİ-nin rəsmi jurnalında qeyd edilib. Bu jurnalda müvafiq normativ aktlar dərc olunub. Məlumatda bildirilir ki, 11 nəfər və 4 təşkilat məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi fiziki və hüquqi şəxslər, təşkilatlar və qurumlar siyahısına daxil edilməlidir. Bu qərar Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqlarının vəziyyətini həll etmək öhdəliyinə uyğun olaraq atılır.
Qeyd edək ki, “Qara siyahı”ya xüsusən İranın əxlaq polisi və onun rəhbəri daxil edilib.
Məsələyə münasibət bildirən Politoloq Həsrət Rüstəmov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların təsir gücü o qədər də yüksək deyil:
“İrandakı mitinqlərin müəyyən səbəbləri var. Ən böyüyü isə xalqın mövcud rejimdən bezməsidir. Ona görə də bu hadisələrin gec-tez rejimin dəyişməsinə gətirib çıxaracağını düşünürəm.
Çünki cənub qonşumuzdakı iqtidarın özünü reform etməsi gözlənilən deyil. Lakin bu dəyişikliyin bugünkü etirazların nəticəsindəmi, yoxsa daha sonramı olacağını demək çətindir.
Məsələn, hazırkı etirazların ardıcıllığı kifayət qədər yüksəkdir.
Amma intensivliyi və xalqı əhatə etmə dərəcəsi zəifdir. Bu səbəblə də indiki etirazların rejim dəyişikliyinə gətirməsini şübhə ilə qarşılayıram”.
Aİ-nin sanksiyalarına gəlincə, politoloq əlavə edib ki, təzyiqlərin təsiri zəifdir:
“Yəni əxlaq polisinin və rəhbərliyinin Avropa ölkələrinə girişnə qadağa qoyulmasının böyük təsiri olmayacaq. Çünki onların əksəriyyəti, onsuz da bu ölkələrə tez-tez getmirlər.
Ümumilikdə isə bu sanksiyalarla Aİ vəziyyətə siyasi münasibətini əks etdirir. Bununla onlar rejimin deyil, İran xalqının tərəfində olduqlarını çatdırmaq istəyirlər”.