ABŞ 9 ölkənin 40-dan çox fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib

ABŞ korrupsiyada və insan hüquqlarını pozmaqda iştirak etdiyinə görə dünyanın 9 ölkəsinin, o cümlədən Rusiyanın 40-dan çox fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi yazılı açıqlama yayıb.
Bildirilib ki, “qara siyahı"ya Rusiya, Qvatemala, Qvineya, İran, Şimali Koreya, Mali, Çin, Salvador və Filippinin vətəndaları və şirkətləri düşüb.
Məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova və qurumun 15 üzvünə sanksiya tətbiq edilib. Şimali Koreyanın Dövlət Təhlükəsizlik Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin əməkdaşları, İranın hüquq-mühafizə orqanlarının rəhbərliyinin nümayəndələri, Evin həbsxanasının rəisi, Çinin Tibet muxtar rayonunda insan hüquqlarını pozduğu üçün iki məmuru, Salvadorun əmək naziri Oskar Rolando Kastro, Qvatemalanın bir keçmiş və indiki rəsmiləri, Qvineyanın devrilmiş Prezidenti Alfa Konde, Malinin keçmiş Prezidentinin oğlu da bu siyahıdadır.