İvanişvili hakimiyyəti ölən adamı əfv etməyəcək

Saakaşvili hələ uzun müddət yaşamalıdır ki, onun yolu ilə getmək istəyənlərin gözü tam qorxsun

  Saakaşvilinin müalicə üçün Polşaya aparılmasına icazə verilməyib. Polşa seyminin vitse-spikeri Malqorzata Qosievska deyib ki, Polşa Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin sağlamlığı üçün mübarizəsini dayandırmayacaq. O bildirib ki, Saakaşvilinin Polşada müalicəsi üçün dəfələrlə müraciət edilib. Saakaşvilinin dünyanın gözü qarşısında öldüyünü deyən vitse-spiker buna görə Gürcüstan hökumətini ittiham edib.

O əlavə edib ki, Polşa Prezidenti Andjey Duda, Baş nazir Mateuş Moravietski, həmçinin xarici işlər naziri Zbiqnev Rau da daxil olmaqla, Polşanın hökumət nümayəndələri Gürcüstanla ikitərəfli danışıqlar zamanı dəfələrlə Saakaşvilinin həbsi məsələsini qaldırıb. O, əlavə edib ki, həm danışıqlar zamanı, həm də məktublarla Gürcüstan tərəfinə Saakaşvilinin müalicəsi üçün Polşaya aparılması təklif edilib, lakin buna icazə verilməyib.
  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bəyan edib ki, Saakaşvili Gürcüstandan çox ümumən postsovet məkanının gələcəyi baxımından əhəmiyyətli fiqur idi. Ekspertin fikrincə, onun Gürcüstanda, sonra da Ukraynadakı fəaliyyəti postsovet ölkələri cəmiyyətlərinin gələcək inkişafının bir növ nümunəsi idi: "Bu cəmiyyətlər gələcəklərini qurmaq istədikləri quruluşda Saakaşvilinin yaratdığı demokratik, korrupsiyasız cəmiyyət modelini özlərinə nümunə götürmək istəyirdilər. Ən azı buna nail olmağın mümkün olduğu gerçəyini əyani şəkildə görürdülər. Bu da Rusiyanı narahat edirdi. Saakaşvilinin başına gələnlərə bu kontekstdən yanaşmaq hesab edirəm ki, doğru olardı. Təbii ki, Saakaşvili də müəyyən səhvlərə yol vermişdi. Amma ümumən onunla belə davranılması doğru deyil. Görünən odur ki, Saakaşvili çox idealist və sadəlövh insan oldu. Xüsusən də Gürcüstana qayıdıb, yüz illik bir sistemin dəyərlərini yıxacağına sadəlövhcəsinə əmin olmaqla.. İndi də bunun cəzasını çəkir. Saakaşvilinin durumunun ağır olacağı qənaətindəyəm. O, hesab edirəm ki, qurban seçilib".
  A.Qasımov vurğulayıb ki, indiki geosiyasi durumda Avropa və Qərbin, xüsusilə də, Ukrayna məsələsində Rusiyaya qarşı cəbhə almış Polşa rəsmilərinin çağırışlarının nəticə verəcəyi isə mümkünsüz görünür: "Saakaşvili gürcü hökuməti üçün sinfi düşməndir. Təbii ki, Rusiya ilə bağlı İvanişvili hakimiyyəti üçün də arzuolunmaz şəxsdir. Hesab edirəm ki, Saakaşvili həbsdən heç bir şərtlər daxilində azad edilməyəcək. Amma onun müalicəsi və həbsdə qalması üçün  addımlar atılacaq. Saakaşvili hələ uzun müddət yaşamalıdır ki, onun yolu ilə getmək istəyənlərin gözü tam qorxsun".