Avstriya Alplarında son iki gündə qar uçqunlarında 8 nəfər ölüb

Avstriyanın qərbində qar uçqunu ilə bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır. Belə ki, fevralın 3-dən bəri Tirol və Vorarlberqdə 8 nəfər qar uçqunu altında ölüb.

“Report” “Kurier”ə istinadən xəbər verir ki, yalnız fevralın 5-də Tirolda beş ölü tapılıb. Şərqi Tirolda qartəmizləyən maşını qar aparıb, sürücü dünyasını dəyişib. Etstalda da dağıdıcı qar uçqunu baş verib.

Bundan başqa, digər ərazilərdə uçqun altında olan 3 nəfərin axtarışları davam etdirilsə də, onların hamısı yalnız ölü tapılıb. Fevralın 4-də Sankt-Anton-am-Arlberqdə iki nəfər qarın altında qalıb. Eyni hadisə Kaunerberqdə kurortda qeydə alınıb.

Fevralın 5-də Etstalda da uçqun olduğu bildirilib, bir kişi uçqun altında qalıb. Qış idmanı həvəskarı təcili yardıma baxmayaraq, günorta saatlarında dünyasını dəyişib.