Moskva və Tehran Rusiyada İran pilotsuz uçuş aparatlarının istehsalı üçün zavod tikmək planlarını davam etdirir. Müəssisə Ukraynadakı müharibə üçün ən azı 6 min dron istehsal etməyi planlaşdırır.
Məlumata görə, inkişaf etməkdə olan hərbi ittifaqın bir hissəsi olaraq İranın yüksək səviyyəli nümayəndə heyəti zavodun tikintisi üçün nəzərdə tutulan əraziyə baş çəkmək və layihənin işə salınması ilə bağlı təfərrüatları müzakirə etmək üçün yanvarın əvvəlində Rusiyada olub. Kreml və Tehran nümayəndə heyətləri Tatarıstan Respublikasında yerləşən Yelabuqa şəhərindəki zavodun tikintisi planlaşdırılan boş sahəni gəziblər.
Bildirilir ki, hər iki ölkə hava hücumundan müdafiə sistemləri üçün yeni problemlər yarada biləcək daha sürətli PUA-lar yaratmağa çalışır.
Rusiya və İranın birgə PUA istehsalı zavodu tikməsi barədə "Sherg.az"a danışan politoloq Turab Rzayevin fikrincə, indiyədək İranın Qərblə münasibətləri yaxşılaşdırmaq şansı var idi. Lakin İran artıq öz tərəfini seçir:
"Rusiya Ukrayna müharibəsi başlayan dövrdə ABŞ İranı yenidən nüvə müqaviləsinə qayıtmağa, Qərblə münasibətləri bərpa etməyə, sanksiyaları aradan götürməyə, dondurulmuş hesablarını açmağa və s. çağırmışdı. Qərb Avropaya gedəcək neft və qazı Rusiya əvəzinə İranla dəyişə biləcəyini düşünürdü, danışıqlar da gedirdi. Səudiyyə Ərəbistanın İstanbuldakı jurnalist Camal Qaşıqçı cinayətindən sonra ABŞ ilə münasibətləri pozulmuşdu. Hətta ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin-Salmana "salam" belə verməyəcəyini söyləyirdi. Belə halda ən ideal namizəd İran idi. Hələ də Bayden administrasiyasında İran əsilli şəxslər, güclü tərəfdarları var. SEPAH üzərində Rusiyanın çox ciddi təsiri mövcuddur. Hətta eşitdik ki, Ukraynada yüzlərlə İran PUA-ları Kiyevdə dağıntılara səbəb olub. Nəticədə İran neft və qazının Avropaya satışının üstündən xətt çəkildi".
Analitik söyləyir ki, SEPAH xətti nəyin bahasına olsa da, nüvə silahı əldə etmək və bölgədə öz təsirini hərbi yolla artırmağa səy göstərir:
"Rusiya ilə çox yaxın bağlantılar qurub. İran PUA-larının, dronlarının Ukraynada istifadəsindən sonra ona qarşı əlavə sanksiya paketi təsdiqləndi. SEPAH Avropa Parlamenti tərəfindən terrorçu təşkilatlar siyahısına salındı. İndi isə Avropa İttifaqı, Böyük Britaniya bunu nəzərdən keçirir. İranın gələcəkdə münasibətləri yumşaltmaq şansı qalmışdısa, dron istehsalından sonra son şansını da itirdi. Qərb və İran əbədi düşmən olacaq.
Rusiya üçün ucuz İran dronları bahalı raketlərdən daha sərfəlidir. Rusiya geniş şəkildə istifadə edəcək. Ancaq Rusiya üçün əsas məsələ dronlar deyil, yanında müttəfiqlərin olmasıdır. Faktiki şəkildə Rusiya İranı öz tərəfində döyüşməyə məcbur etdi. Rusiya həm MDB ölkələri, həm də Çin daxil digər müttəfiqləri Qərbə qarşı mübarizə aparmağı tələb edir".