ABŞ səfirliyi öz vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.Bu qərarın Rusiya hərbi qüvvələrinin Ukraynaya tammiqyaslı müdaxiləsinin gözlənilməz nəticələri ilə bağlı olduğu bildirilir.
Səfirliyin məlumatına görə, ABŞ vətəndaşlarına edilən bu xəbərdarlığın səbəbləri arasında təqib ehtimalı, Rusiya kəşfiyyat orqanları tərəfindən qanunsuz həbslər və qanunların özbaşına tətbiqi, uçuşlara qadağa qoyulması və səfirliyin konsulluq yardımı göstərmək imkanlarının məhdudlaşdırılması kimi amillər var.
Qeyd olunur ki, ABŞ hökumətinin Rusiyada ABŞ vətəndaşlarına planlı və ya təxirəsalınmaz xidmətlər göstərmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb ki, bu, xüsusən də ABŞ-nin Moskvadakı səfirliyindən uzaq ərazilərdə daha çox özünü göstərir.
Məlumatda vurğulanır ki, sentyabr ayında səfərbərlik elan edildikdən sonra Rusiya Federasiyası ikili ABŞ vətəndaşlığını tanımaqdan imtina edə bilər. Eyni zamanda vətəndaşları konsulluq yardımından məhrum etməklə yanaşı onları hərbi xidmətə cəlb edə, habelə ölkədən çıxmalarına mane ola bilər.
Səfirlik həmçinin bildirilib ki, ABŞ vətəndaşları Amerikanın kredit və debet kartlarının Rusiyada işləmədiyini nəzərə almalıdırlar. Rusiya banklarına tətbiq edilən sanksiyalara görə ABŞ-dən elektron köçürmə imkanlarının da son dərəcə məhdud olduğunu diqqətdə saxlamalıdırlar.
ABŞ səfirliyi hər hansı siyasi və sosial etirazlardan uzaq durmağı və Rusiya təhlükəsizlik işçilərinin şəkillərini çəkməməyi də tövsiyə edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist Fuad Abbasov bildirib ki, ABŞ səfirlikləri çağırış edirlərsə, xəbərdarlıq doğru çıxır:
"Daha öncə ABŞ Səfirliyindən Türkiyədə terror aktı ehtimalı barədə xəbərdarlıq eşitmişdik. Çağırış özünü doğrultmuşdu. Rusiyada da eyni hal istisna deyil. ABŞ-nin bildiyi nəsə var, ilk növbədə vətəndaşlarını qorumaq istəyir.
Ukrayna müharibəsinə görə Rusiya ilə ABŞ arasında münasibətlər gərginləşib. Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin açıqlama verib ki, ABŞ 60-dan çox terroristi hazırlayıb.
Rusiyada və bəzi keçmiş Sovet Respublikalarında terror aktları həyata keçirtməyi planlayırlar. Bu terror aktları ölkələrdə stabilliyi pozmaq məqsədi daşıyır.
Rusiya ilə Amerika arasında münasibətlərin daha da gərginləşməsini, doğrudan da, terror aktlarının həyata keçirilməsini gözləmək olar. Sergey Narışkinin Amerika, ABŞ-nin də Rusiyaya qarşı iddiaları əsassız deyil".