“Son zamanlarda Qarabağdakı vəziyyət ilə bağlı Ağ ev və Kreml sarayı arasındakı rəqabət güclənib”
“Lui Bononun açıqlaması əslində həm də Rusiyaya hesablanıb”
“Yəni "təhlükəsizlik maraqlarını anlayıram" sözləri “Qarabağda bütün daşlar yerinə oturmayıb və buna görə rus sülhməramlıları məsuliyyət daşıyır” deməkdir”
ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır.
Bu barədə bu gün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib.
“Əlbəttə ki, biz Azərbaycanın da təhlükəsizlik maraqlarını anlayırıq. Əslində bütün tərəflərin təhlükəsizlik maraqlarını anlayırıq”, - diplomat vurğulayıb.
O, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı ABŞ Dövlət katibi Antoni Blinkenin Münhendə mövqeyini açıqladığı diqqətə çatdırıb.
Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, L.Bono "bütün tərəflərin təhlükəsizlik maraqlarını anlayırıq" deməklə həm də Ermənistanı nəzərdə tutur:
"Əgər ABŞ vasitəçilik iddiasındadırsa, birtərəfli danışa bilməz. Bununla belə Azərbaycanın rəsmi Vaşinqton üçün daha önəmli partnyor olduğu şübhəsizdir. Digər tərəfdən son zamanlarda Qarabağdakı vəziyyət ilə bağlı Ağ ev və Kreml sarayı arasındakı rəqabət güclənib. Bu açıqlama əslində həm də Rusiyaya hesablanıb. Yəni "təhlükəsizlik maraqlarını anlayıram" sözləri “Qarabağda bütün daşlar yerinə oturmayıb və buna görə rus sülhməramlıları məsuliyyət daşıyır” deməkdir. Açıqlamadan görünən odur ki, baş müşavir dolayısı yolla Moskvanı hədəf göstərir. Bu sözlərin səmimi olması isə sual altındadır. Ümumiyyətlə səfər zamanı Laçın yolundakı vəziyyətin müzakirə olunması gözlənilən idi. Səfər əsasən tanışlıq xarakteri daşıyır. Lui Bononun yeni təyin edilməsinə baxmayaraq ABŞ-ın regional siyasətində ciddi dəyişikliklərin olacağını düşünmürəm. Çünki Bono həlledici adam deyil. O sadəcə olaraq Amerikanın və Baydenin siyasətini icra edə bilər. Laçın yoluna gəldikdə isə, düşünürəm ki, yaxın günlərdə bizim dövlət qurumlarımız tərəfindən orada post qurulacaq".