Fransadan kolonial siyasət: imperiyanı yenidən qurmaq istəyir! - Fiasko!

“Rəsmi Parisin yolunun uğurlu olacağını gözləmirəm”

“Çünki biz 21-ci əsrdə yaşayırıq və 19-cu əsrin təfəkkürünə qayıtmaq düzgün deyil"


Fransanı bu gün bütün ölkədə keçiriləcək kütləvi tətillər və etirazlar səbəbi ilə “qara gün” gözləyir.
Belə ki, ölkənin ən böyük həmkarlar ittifaqları pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə ümumi tətilə qərar verdikləri üçün həyat dayanacaq.

Başda nəqliyyat, enerji, səhiyyə və təhsil olmaqla demək olar ki, bütün sektorlar tətilə qoşulacaq.
Ölkənin rəsmi dəmir yolu operatoru SNCF xəbərdarlıq edib ki, qatar xidmətlərində böyük fasilələr yaranacaq və gün ərzində bəzi ərazilərə daşıma tamamilə dayanacaq. Ölkə daxilində 1,5 milyondan çox adamın küçələrə çıxacağı təxmin edilir. Hava limanlarında uçuşlarda fasilələr olacağı bildirilib.

Hadisəni "Sherg.az"a dəyərləndirən millət vəkili Asim Mollazadə söyləyib ki, Fransanın daxilindəki tətillər və həmkarlar ittifaqının hökumətlə mübarizəsi rəsmi Parisin xarici siyasətdəki yeni  kolonial məqsədlərinə hansısa bir dəyişiklik gətirməyəcək:

"Fransa yenidən kolonial siyasətə qayıdaraq öz böyük iqtisadiyyatının bərpası barəsində düşünür. Yəni dünyadakı müəyyən regionlarda hökmranlıq missiyasını həyata keçirir. Lakin mən elə düşünürəm ki, rəsmi Paris hər iki istiqamətdə, həm ölkənin daxilində olan sosial problemlərin həllində, həm də  yenidən hansısa imperiya qurmaq xülyalarında uğursuzluğa düçar olacaq.

 Çünki Fransanın imperiyanı yenidən qurmaq cəhdlərinə çox ciddi müqavimət var. Dünyanın bütün ölkələrində heç kəs yenidən imperiya idarəetmə sisteminə qayıtmaq istəmir. Hətta Fransanın bir sıra müstəmləkələrində artıq mübarizə başlayıb. Onlar referendum müqaviməti nəticəsində azadlığa qovuşmaq istəyirlər. 

Bu səbəblə də mən rəsmi Parisin yolunun uğurlu olacağını gözləmirəm. Çünki biz 21-ci əsrdə yaşayırıq və 19-cu əsrin təfəkkürünə qayıtmaq düzgün deyil".