Rusiya Ukraynaya kütləvi raket hücumlarına start verib. Hücum yerli vaxtla təxminən saat 03:00-da başlayıb. Kiyev şəhərində güclü partlayış səsləri eşidilir. Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Regional hərbi administrasiyanın rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Xarkov şəhərinə və bölgəyə 15-ə yaxın zərbə endirilib. Raketlər Odessa vilayətindəki energetika infrastrukturu obyektinə düşüb. Bundan əlavə, Ternopol və İvano-Frankovsk vilayətlərində, Dnepr və Dnepropetrovsk vilayətlərində partlayışlar qeydə alınıb.
Vəziyyəti dəyərləndirən politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, indi vəziyyət dəyişib:
“Rusiya məğlub edilmədiyini göstərmək üçün Ukraynaya tez-tez raket zərbələri endirir. Yəni Kreml arsenalındakı silah-sursatın tükənməsi ilə bağlı xəbərləri ört basdır etmək üçün, "Bu belə deyil, bizim müharibəni aparmağa potensialımız çatır" mesajı verir. Hətta son zamanlarda Rusiyanın Çindən əlavə raket alması ilə bağlı razılığın əldə edildiyinə dair xəbərlər var".
Analitik qeyd edib ki, Qərb ölkələri Ukraynanı hava hücumlarından müdafiə qurğuları və silahla təmin edərək ona dəstək verir:
"Perspektivdə Qərbin ukraynalılara yardımla bağlı əldə edilmiş razılaşmaların daha da genişlənəcəyini düşünürəm. Bu isə Rusiya üçün ciddi problemlər yaradacaq. Məsələn, əvvəllər Krımda və Ukraynanın işğal edilmiş digər şəhərlərində ciddi hadisələr baş vermirdi.
İndi isə keçən illə müqayisədə Ukraynanın gücləndiyini görürük. Yəni "Patriot" hava hücumundan müdafiə qurğusunun, "Leopard" tanklarının və.s kimi silahlarının verilməsi Ukrayna ordusunun imkanlarını artırıb.
Ümumiyyətlə, Qərbin hücumlara görə Rusiyaya cavabı, rəsmi Kiyevlə əldə edilmiş razılaşmaların gerçəkləşməsidir. Baydenin Kiyevə səfəri Qərbin Ukraynaya hər cür dəstək verdiyini bir daha sübut etdi.
Rusiya Ukraynaya raket zərbələri endirməklə ölkədə xaos yaratmağı və Kiyevi danışıqlara məcbur etməyi hədəfləyir. Lakin Ukrayna tərəfi ərazi bütövlüyü ilə bağlı məsələlərdə danışığa getməyəcəyini bəyan edir.
Rəsmi Moskva isə xüsusi hərbi əməliyyatın hədəfləri həyata keçməyənə qədər silahı yerə qoymayacaq".