İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian martın 8-də Türkiyəyə səfər edib. Nazir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Təkbətək görüşdən sonra iki ölkənin XİN başçısı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Səfəri "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev söyləyib ki, dünyada qütbləşmə geddikcə dərinləşir:
"Qərb bloku Çin, Rusiya və İranı hədəfə alan bəyanatlar səsləndirir. Xüsusən də ABŞ və Böyük Britaniya əsas təhdid kimi məhz bu üç ölkəni görür. Eyni zamanda Şərq bloku formalaşmağa başlayıb. Çin hər vəchdə Moskvanı müdafiə edir. Həmçinin son zamanlarda İran və Rusiyanın strateji cəhətdən yaxınlaşdığını görürük. Yəni rəsmi Tehran Moskvaya dronlar və raketlər göndərir, Kreml isə cənub qonşumuza nüvə proqramında kömək edir. Onların əməkdaşlığı isə Amerikanı ciddi narahat edir.
Analitikin sözlərinə görə, geopolitik vəziyyətin gərginləşdiyi bir vaxtda Rusiya və İran Türkiyəni öz yanında görmək istəyir:
"Onlar ən azından rəsmi Ankaranı qarşılarında görmək istəmirlər. Çünki Türkiyə Yaxın Şərqin açarıdır və Qərb onsuz uğur əldə edə bilməz.
Yəni Türkiyənin Qərb tərəfdən çıxış etməsi təqdirində nə İranın, nə də Rusiyanın Qərbə müqavimət göstərmək imkanı olacaq.
Bu səbəblə də rəsmi Ankaranı küsdürməməyə və onun qarşı cəbhəyə keçməyinin qarşısını almağa çalışırlar".