“Son 6 ildə Türkiyədə narkotikdən ölüm sayı kəskin azalıb”

“Son 6 ildə Türkiyədə narkotikdən ölüm sayı kəskin azalıb”.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Qaziantepdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyədə narkotiklə mübarizə qətiyyətlə davam edir: “Bütün müvafiq qurumlar bu istiqamətdə zəruri addımları atırlar. Hazırda 126 min nəfər narkotik maddələrin istifadəsi və satışına görə cəzaçəkmə müəssisələrindədir: “Son 6 ildə narkotikdən ölüm sayı kəskin azalıb. Bu statistika 941-dən 270-ə düşüb”.
S.Soylu bildirib ki, narkotiklə mübarizə bütün sahələrdə davam edir: “Türkiyə Böyük Millət Məclisi və Ədliyyə Nazirliyi də bu istiqamətdə zəruri addımları atırlar. Hətta ölkəmizdə narkotikin bəzi növlərinin istifadəsi, istehsalı ilə bağlı minimum cəza müddəti 10 ildən 15 ilə qaldırılıb”.
Nazir vurğulayıb ki, Səhiyyə Nazirliyi də öz növbəsində öhdəliyini yerinə yetirir: “Onların əsas işi reabilitasiya ilə bağlıdır. Yeni qanuna əsasən cəzaçəkmə müəssisələrində də reabilitasiya prosesi həyata keçirilə biləcək”.
S.Soylu qeyd edib ki, gələcəkdə narkotik vasitələr qarşı mübarizə sahəsində daha böyük uğurlar əldə olunacaq: "Əslində, gənclərimizi zəhərləmək istəyənlər Türkiyəyə zərbə vurmaq istəyirlər. Əsas vəzifəmiz də bu hücumların qarşısını almaqdır".