Qərb İranda istəyinə çatacaq!


“Etirazların nəticəsində molla rejiminin devrilməsi və hakimiyyətin dəyişməsi ehtimalı da var”

İranda din xadimləri ilə rejim arasında çatlar yaranır.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.
Bildirilib ki, son bir ay ərzində İranda din xadimlərinə qarşı hücumlar artıb: “Aprel ayında din xadimlərinə qarşı 4 hücum olub. Belə insidentlər əvvəlki aylara nisbətən bir neçə dəfə artıb”.
Həmçinin qeyd olunub ki, İranda edamların da sayı artıb:

 “İran hakimiyyəti son bir həftə ərzində ən azı 42 vətəndaşı edam edib. Bununla bağlı olaraq xüsusilə Sistan və Bəlucistan əyalətlərində rejim əleyhinə əhvali-ruhiyyə yenidən güclənə bilər".
Qərb analitiklərinin fikrincə, ölkədə hakimiyyət əleyhinə etirazlar daha da güclənə bilər.
Qeyd edək ki, bu il fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

ABŞ-ın Araşdırmalar İnstitutunun açıqlamasını "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Kənan Novruzov vurğulayıb ki, İrandakı aksiyalar ya Qərbin əli ilə təşkil olunub, ya da Vaşinqton bu vəziyyətdən istifadə edir:

"Yəni hazırda Amerika Cənub qonşumuzda baş verən aksiyaların uzanmağında maraqladır və buna təsir etmək gücünə malikdir. Çünki bu gün ABŞ və müttəfiqlərinin üç əsas rəqibi var. Bunlar Rusiya, Çin və İrandır. Artıq Kreml Ukraynada bataqlığa salınıb. Rəsmi Tehran isə daxili aksiyalar ilə zəiflədilir. Bu mənada artıq etirazlar Qərbin maraqlarına uyğundur".

Analitikin sözlərinə görə, etirazların yaxın zamanlarda səngiməsi gözlənilən deyil:

"Güman edirəm ki, bu proses davam edəcək. Hətta gələcəkdə mitinqlərin daha da kəskinləşəcəyini proqnozlaşdıra bilərik. Çünki  bu etirazların sakitləşməsi təkcə rejimdən asılı deyil. Burada kifayət qədər təsir gücünə malik olan kənar qüvvələr də var. Buna görə də konkret nəticələr əldə edilməmiş, aksiyaların başa çatmayacağını düşünürəm. Digər tərəfdən bu etirazların nəticəsində molla rejiminin devrilməsi və hakimiyyətin dəyişməsi ehtimalı da var. Amma istənilən halda Qərb öz istəyinə çatacaq".