Min illər əvvəl Rusiya və Alyaskanı birləşdirən Berinq boğazında quru körpünü keçən sibirlilərin Amerikanın yeganə əcdadları olduğu söylənilirdi.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları qitəyə ilk immiqrantların Çinin şimal sahil bölgəsindən gəldiyinə dair sübutları təsvir ediblər.
Həmin araşdırmaya görə, insanlar Amerikaya 26 min il əvvəl Çindən gəliblər. Başqa sözlə, Amerika qitəsinə ilk köç göstərilən tarixdən 10 min il əvvəl baş verib.
Çinli komanda analardan uşaqlarına ötürülən mitoxondrial DNT-ni təhlil edərək, Çin qrupu bir qadın nəslini izləyib və Çili, Peru, Boliviya, Braziliya, Ekvador, Meksika və Kaliforniyadakı əsas əhali ilə Şərqi Asiya Paleolit dövrü populyasiyalarının əlaqəsini tapıb.
Amerikalıların Asiya mənşəyinin bilindiyindən daha mürəkkəb olduğunu vurğulayan araşdırmanın ilk müəllifi Dr Yu-Çun Li isə aşağıdakı açıqlamaları verib:
"Sibir, Melaneziya və Cənub-Şərqi Asiyada əvvəllər müəyyən edilmiş əcdad mənbələrinə əlavə olaraq, Çinin şimal sahillərinin də amerikalıların genofonduna töhfə verdiyini aşkar etdik".
Tədqiqat həmçinin 19.500 il əvvəl iqlimin yaxşılaşması səbəbindən əhalinin sayının sürətlə artdığını göstərən başqa bir miqrasiya hadisəsinin aşkar edilməsinə də səbəb olub.
Çünki əldə edilən nəticələr iki miqrasiya hadisəsini ortaya çıxarıb.
Bunlardan birincisi, 19min 500 ilə 26 min il əvvəl, buz örtüyünün ən yüksək həddə çatdığı və Şimali Çində iqlim şəraitinin, yaşamaq üçün əlverişsiz olduğu zaman baş verib. İkincisi isə, ərimə dövründə, 19 min ilə 11 min 500 il əvvəl meydana gəlib.
Qeyd edək ki, elm adamları ikinci köç zamanı amerikalılar və yapon xalqları, xüsusən də yerli Ainu xalqı arasında təəccüblü bir genetik əlaqə tapıblar.
Digər tərəfdən tədqiqatçılar deyirlər ki, bu dövrdə artan insan əhalisi miqrasiyaya səbəb ola bilər.
Əlavə edək ki, kəşf Çin, Yaponiya və Amerikanın paleolit xalqları arasındakı arxeoloji oxşarlıqları izah etməyə kömək edib.
Mənbə: Hürriyət qazeti