Amerika xalqı özləri üçün daha gənc lider arzulayır

Trampın Desantisi dəstəkləməsi və təbriki boş yerə deyil

"Hansı namizədin konkret qalib olacağını indidən proqnozlaşdırmaq mümkün deyil".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elşən Məcidov ABŞ-da yaxınlaşan Prezident seçkilərinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Bayden və Tramp xalq arasında aşağı reytinqli namizədlərdir:
"Ancaq vacib məqam odur ki, hər iki namizəd öz partiyaları daxilində ən populyar siyasətçi hesab edilir. Yəni Trampın nüfuzu "respublikaçılar" içərisində digər siyasətçiləri üstələyir. Bayden isə öz partiyasının faktiki lideri oluğu üçün digər siyasətçilərdən daha yüksək reytinqə sahibdir. Ancaq sosial sorğular belə müəyyən edir ki, amerikalıların əksəriyyəti Prezidentlərinin yaşını vacib bir faktor kimi nəzərdən keçirir. Xüsusilə qeyd etmək lazımdır ki, Baydenin yaşı ilə əlaqədar onun sağlamlığında da problemlər müşahidə olunur. Bu isə hazırkı qeyri-stabil geosiyasi vəziyyətdə çox təhlükəlidir. Ona görə də Amerika xalqı özləri üçün daha gənc lider arzulayır. Bu konteksdə də Trampın Desantisi dəstəkləməsi və təbriki boş yerə deyil. Ümumiyyətlə Trampın Baydenə qarşı çıxış etməsi üçün Desantisə qalib gəlməsi lazımdır. Çünki yekun turda hər partiyadan yalnız bir vahid namizəd göstərilməlidir". 
Analitikin sözlərinə görə, həm demokratlar, həm də respublikaçılar digər partiya yoldaşlarını tənqid edir və debatlarda sərt olurlar:
“Hazırda isə biz bunu Tramp və Desantis arasında görürük. Bu təbrikin isə iki məqsədi ola bilər. Birincisi Trampın Desantis ilə analoji razılaşmaya gəlmə ehtimalıdır. Yəni Tramp Prezident seçildiyi təqdirdə Ron Desantisə önəmli vəzifə verəcəyini vəd edib. Bu vitse-prezident, dövlət katibi və ya başqa bir nüfuzlu vəzifə ola bilər. Ümumiyyətlə vitse-prezidentlərin daha sonra Prezident olması ABŞ-da adətə çevrilmiş bir hadisədir. İkinci variant isə, onların rəqabətə getməsi və sondan Trampun geri çəkilərək Desantisi dəstəkləməsidir. Yəni Baydenin qarşısına reytinqi az və yaşlı Tramp yox, nüfuzlu və gənc Desantis çıxa bilər. Bu isə Desantisin 70 faiz ehtimalla qalib gəlməsi və 2024- cü ildə AĞ evin sahibi olması deməkdir".

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp (Recpulikaçılar partiyası) partiya yoldaşı, Florida ştatının qubernatoru Ron Desantisi ABŞ prezident seçkilərində namizədliyi irəli sürülməsi münasibətilə təbrik edib. Bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Mən şəxsən (Ron Desantisi - red.) ABŞ prezidentliyi uğrunda yarışa girdiyini elan etdiyinə görə təbrik etmək istəyirəm. Ümid edirəm ki, o, ölkəmizin marksistlərinin, kommunistlərinin, sol radikallarının hücumlarının tam təcrübəsini qazanacaq.
Bunsuz o, gördüyü iş barədə təsəvvürü heç vaxt olmayacaq", - deyə D.Tramp bildirib.
Keçmiş prezidentin sözlərinə görə, onun sadaladığı qruplar "ABŞ-a düşmən dövlətlərin liderlərindən qat-qat pisdir". "Amerikanı yenidən böyük etmək üçün onlar əsaslı məğlubiyyətə uğramalıdırlar", - deyə D.Tramp bildirib.