Şahzadə əlahəzrət adıyla vidalaşdı

Bekinqem sarayı səhifədən sildi


Kral sarayından ayrılaraq ABŞ-yə köçən və sərbəst yaşamağa qərar verən şahzadə Harri və həyat yoldaşı Meqan Markl Bekingem sarayından yeni sürprizlərlə qarşılanır. Əslində buna sürpriz demək tam doğru da deyil. Çünki cütlük saraydan ayrılmaq qərarını verdikdə nələrin baş verəcəyi, hansı imtiyazlardan məhrum olacaqları barədə onlara bildirilmişdi. 

Şahzadə haqqında indiyədək də xoş olmayan xəbərlər yayılırdı. Şahzadə Harri “Spare” adlı avtobioqrafik kitabda atası, mərhum anası və özü – uşaqlıq dövrü, gəncliyi və evliliyi barədə şokedici açıqlamalara yer verib. Son zamanlar isə cütlüyün münasibətlərində soyuqluq yaşandığı xəbərləri yayılır. 

Bunun üzərinə Bekinqem sarayı şahzadə Harrinin əlahəzrət titulunu internet səhifəsindən silib. Artıq onun adının qarşısında “Əlahəzrət” təqdimatı yazılmır. Şahzadənin həyat yoldaşı Meqan Marklın əlahəzrət təqdimatı isə 3 il əvvəl ləğv edilib. Meqan Markl yalnız hersoginya tituluna sahibdir və yalnız bu titulla təqdim edilir. Bekinqem sarayı şahzadənin “əlahəzrət” titulunun ləğv edilməsi qərarını 2020-ci ildə verib. Bir müddət internet səhifəsində davam edən yanlışlığa artıq son verilib. Bundan öncə də şahzadə Harrinin kral ailəsindən uzaqlaşdırılması halları yaşanıb. O və həyat yoldaşı kraliça Yelizavetanın vəfatının birinci ildönümü mərasiminə də dəvət edilməmişdilər.