Gözlərinə deyil, əllərinə etibar edir  

Gözlərinə deyil, əllərinə etibar edir  

Həyat onu çox incitdi, o isə həyatdan küsmədi. Günəş işığını görmədi, pianonu da görmür, amma barmaqları ilə dilləndirir. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən görmə qabiliyyəti olmayan 24 yaşlı Gizemin həyat hekayəsini təqdim edir. Gizem Varol 1999-cu ildə İstanbulda, primatur körpə olaraq dünyaya gəlib. Küvəzə yerləşdirilib. 40 gün orada qalıb. Lakin bu müddətdə körpənin gözləri maska ilə örtülməliymiş. Bu edilmədiyi üçün körpənin gözləri zərər görüb. Böyüdükcə, görmə qabiliyyətini tamamilə itirib. Amma Gizem həyata bağlanıb. İbtidai təhsilini Üsküdardakı görmə əngəllilər üçün Türkan Sabançı məktəbində alıb. Orta təhsil pilləsini isə Mümtaz Turhan Sosial Elmlər Liseyində oxuyub. Hazırda Biruni Universitetinin 3-cü kurs tələbəsidir. Gizem həm də pianoda əla ifa edir. “İnsanın xəyalları və hədəfləri olduqdan sonra həyata küsməz”, deyən Gizem Varolun arzusu məşhur pianoçu olmaqdır.  Gizemin həyata bağlanmasında ailəsinin dəstəyi çox önəmli olub. Bu haqda Gizem belə danışıb: “Liseydə şagirdlərlə dostluq etməkdən, müəllimlərlə ünsiyyət qurmaqdan çəkinirdim. Utanırdım. Amma yaşamağı sevirdim, həm də ailəm mənə dəstək oldu. 

Çətinliklərin öhdəsindən gəlməyə başladım”. Zaman keçdikcə Gizem həyatdan zövq almağı bacaran birisi olub. Dərslərini də əla oxuyub. Universitetə qəbul olunub. Və gələcəkdə onun kimi digər uşaqlara da dərs keçə bilmək üçün özəl təhsil müəllimi ixtisasını seçib. Gizemin musiqi sevgisi isə onu piano çalmağa sövq edib. Uşaq yaşlarında ondan “böyüyəndə kim olacaqsan” sualına “müğənni olacağam”, cavabını verirmiş. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu bilinirdi. Gizem zəlzələdən zərər çəkmiş uşaqlar üçün “Umud” adlı musiqi də bəstələyib. 

“Hətta gözlərim görsəydi, yenə bu həyatı, olduğu kimi yaşamaq istərdim. Çünki olmasını istədiyim hər şey addım-addım mənə yaxınlaşır”, söyləyən Gizem bəstəsiylə ağır zamanlar keçirən uşaqlara dəstək olmaq, o uşaqlara “tək deyilsiniz”, mesajını vermək istədiyini deyib. Gizem hazırda populyar olan gənc rus bəstəkar və pianoçu Yevgeni Qrinkonun “Field” bəstəsini pianoda ifa edib və videonu paylaşdıqdan sonra, musiqiçi “Əla performans!” yazıb. Yevgeni Qrinko Gizemin istedadına valeh olduğunu qeyd edib. Bu rəyin onu çox xoşbəxt etdiyini deyən Gizem Y.Qrinkonu örnək aldığını, onunla tanış olmaq istədiyini də deyib. Gizemin 24 yaşında nail olduğu uğurlar fiziki qüsurların xəyallara çatmaq üçün heç bir əngəl ola bilmədiyini göstərir.