İki dövlətə casusluq edən 3 nəfər

Tarixin ən məşhur xainləri

İkinci Cahan müharibəsindən sonra SSRİ ilə ABŞ arasındakı “soyuq müharibə” tarix kitablarına hələ çox mövzu olacaq.  Bir zamanlar əks qütblərdə dayanan bu iki super-güc hər zaman kəşfiyyat məlumatları əsasında idarə olunub və güclü diplomatları ilə yanaşı, gizli casuslar sayəsində zaman-zaman biri digərini üstələyib. Bu soyuq və gizli savaşların iştirakçısı olmuş bəlkə də minlərlə şəxsdən 3-ü bu gün də xain damğası ilə gəzir. Onları “tarixin ən məşhur xainləri” adlandırırlar. 

“Sherg.az” “Milliyət.com.tr”yə istinadən bildirir ki, “soyuq müharibə”nin ən qızğın çağlarından biri, şübhəsiz ki, 1962-ci ildir. Bu il tarixə həm də məşhur “Kuba raket böhranı” adıyla düşüb. Dünya tam 13 gün boyunca nəfəsini çəkərək nələrin baş verəcəyini gözləyirdi. Nüvə müharibəsi başlana bilərdi və dünya bu fəlakətin demək olar, bir addımlığında idi. “Kuba raket böhranı” 1962-ci ilin 15 oktyabrında  ABŞ-yə məxsus U-2 kəşfiyyat təyyarələrinin “Azadlıq adası” adlanan Kuba üzərində uçuşlarının artmasıyla başlayıb. Buna səbəbsə rus agent Oleq Penkovskinin ötürdüyü məlumatlar olub. Oleq Penkovski “Ağ qvardiyaçı” nəvəsiydi. O, Kiyev Toçu Akademiyasını bitirib, Finlandiya ilə SSRİ arasında yaşanan “Qış müharibəsi”ndə, daha sonra da İkinci Cahan müharibəsində iştirak edib. Müharibədən sonra ona zabit olaraq kəşfiyyat idarəsində vəzifə verilib, hətta Türkiyədə hərbi atteşe vəzifəsini icra edib. Lakin O.Penkovski Moskvada çalışdığı vaxt eyni zamanda ABŞ Mərkəzi Kəşfiyyat Xəbər İdarəsi – CIA üçün də işləmək qərarına gəlib. Və İngiltərənin gizli kəşfiyyat xidməti MI6 ilə əlaqə yaradıb. 1961-ci ildə Londonda ingilis və amerikan nümayəndələriylə görüşən O.Penkovski onlara SSRİ-nin qitələrarası ballistik raketləri haqda məlumat ötürüb. Onun ötürdüyü məlumatların ən önəmlisi də SSRİ-nin nüvə silahlarını Kubada yerləşdirmək planı barədə idi. Məhz bu məlumatlar Kennedi hökumətinin diqqətini Kubaya yönəldib və Kuba böhranı belə başlayıb. Lakin O.Penkovskinin ikili casusluq ömrü cəmi 2 gün çəkib. SSRİ kəşfiyyatı onu ifşa edə bilib. O.Penkovskinin “köstəbək” – iki cəbhəyə işləyən casus olması böhrandan 2 gün əvvəl məlum olub və o, Vətənə xəyanət suçuyla həbs edilib. Onun nə zaman, harada öldüyü dəqiq bilinmir. Bəzi mənbələr O.Penkovskinin öldürüldüyünə dair də, həbsxanada özünü öldürdüyünə dair də məlumatlar var. 
Digər “köstəbək” isə polyak Rixard Kuklinskidir. Hərçənd onun atası Faşist Almaniyasına qarşı vuruşanlardan olub. Atası almanlar tərəfindən əsir alınıb, əsir düşərgəsində vəfat edib. Rixard isə Polşa Xalq Ordusu sıralarına qoşulub. R.Kuklinski SSRİ-nin 1968-ci ildə Çexoslavakiyaya hərbi təcavüzündə iştirak edib. Bu təcavüz zamanı dinc sakinlərin qətli Kuklinskini sarsıdıb. 1970-ci ildə Polşada başlanan etirazlar zamanı Kuklinski ABŞ təmsilçiləriylə əlaqə yaradaraq casusluq təklif edib. Və bildiyi bəzi məlumatları amerikanlara ötürüb. 1972-1981-ci illərdə SSRİ-nin Şərqi Avropadakı hərbi qüvvələri, müharibə planları, radar sistemləri, nüvə silahı, silah depoları haqqında məlumatlar sızdırıb. 1981-ci ildə ailəsiylə Amerikaya köçüb. 1984-c ildə Polşa məhkəməsi onu Vətənə xəyanətdə ittiham etdi və ömürlük hıbs cəzası kəsdi. Lakin məhkəmənin qərarı Polşada daim mübahisə predmeti olub. Onu xain hesab edənlər də olub, etməyənlər də. 1991-ci ildə SSRİ-nin dağılmasıyla Kuklinskinin cəzası da 25 ilədək azaldılıb, 1995-ci ildə isə ümumiyyətlə ləğv edilib. Bundan sonra Kuklinski Polşaya ara-sıra səfər edib, lakin daimi olaraq orada yaşamayıb. R.Kuklinski özünə vətən seçdiyi ABŞ-də 2004-cü ildə vəfat edib. 
Son Entoni Volker də casus xainlər sırasında adı keçənlərdəndi. O, ABŞ kəşfiyyatına böyük zərbə vurmuş şəxs hesab edilir. Donanma zabiti olan Con 8 il Amerika donanmasında sualtı qayıqlar və kriptoqrafiya üzrə çalışıb. Maddi sıxıntılar yaşayan Con “çıxış yolunu”nu gizli məlumatları SSRİ-yə ötürməkdə görüb. Bu iş müqabilində ona böyük məbləğdə pul ödənilib. Ona “Böyük balıq” adı verilib. O təkcə sualtı qayıqlar haqqında deyil, ABŞ-nin müharibə planları və rabitə şifrlərini də SSRİ-yə ötürüb. Bu vəziyyət onun keçmiş həyat yoldaşı tərəfindən ifşa edilməsiylə sonlanıb. Keçmiş həyat yoldaşı 1984-cü ildə ABŞ kəşfiyyat idarəsinə bu barədə məlumat verib. C.Volker həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib. Sonra da müəmmalı şəkildə vəfat edib.