5 min 300 il əvvəl yaşamış Anadolu türkü -Buz mumiyanın sahibi tapıldı

Aparılan tədqiqatlar nəticəsində 5 min 300 il əvvəl yaşamış insanın Anadolu türkü olması təsdiqlənib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, buz mumiya Avstriya-İtaliya sərhədindəki Alp dağlarının Ötztal adlanan hissəsində tapıldıqda dünyanı heyrətə salıb. İnsan cəsədinin buzlaqlar arasında günümüzədək qorunub saxlanması alimləri də yaxşı mənada təəccübləndirib. Buz mumiyanın sahibinin kimliyini müəyyənləşdirmək üçünsə mumiyanın genomu üzərində tədqiqat aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, buz mumiyanın genləri Anadoludan Avropaya gəlmiş ilk əkinçi və maldarların genləri ilə çox uyğundur. Bu səbəbdən də alimlər “Buz adam” olaraq adlandırılan mumiyanın atalarının Anadoludan köç etməsi mülahizəsi üzərində dayanıb. Mərkəzi Almaniyadakı Max Plank İnstitutunun internet səhifəsindəki açıqlamaya görə, bu institutun alimləri ilə mərkəzi İtaliyada yerləşən Eurac Araşdırma Mumiya Çalışmaları İnstitutunun alimləri Ötzinin genlərini ətraflı analiz edib. Mumiya skeletindın alınan nümunələr əsasında avropalıların genefondunun öyrənilməsi də mümkün olub. Bunun sayəsində alimlər buz mumiyanın genetik kodunu müasir insanların genləri ilə müqayisə edə bilib. Nəticədə buz mumiya sahibinin Anadolu insanı olduğu təsdiqlənib. Onun Şərqi Avropa çobanlarıyla uyğunluğuna da rast gəlinmir. Alimlər onu da müəyyənləşdirib ki, buz mumiyanın sahibi olan adam vəfat etdiyində saçları tökülmüş – keçəl olub. O, 40-50 yaşlarında adamdır. Sol çiynindən oxla vurulub. Qanaxmadan vəfat edib. Dərisinin rəngi daha tünddür, şəkər xəstəliyi və köklüyə meyillilik olub. Lakin o, sağlam həyat tərzi keçirib və bu xəstəliklərə yaxalanmayıb. Tədqiqat nəticələri "Cell Genomics" adlı dərgidə yayımlanıb. Qeyd edilir ki, buz mumiya 1991-ci ildə Alp dağlarında yolu itirmiş 2 alman turist tərəfindən aşkar edilib. Və uzun illərdir ki, üzərində tədqiqat aparılır.