Geri dönməyən kosmonavtın son sözləri: “Ailəmə deyin ki…”

Vaxtilə sovet kosmonavtikasının necə güclü olduğu sirr deyil. ABŞ ilə SSRİ arasındakı “soyuq müharibə” həm də kosmosda aparılıb. Kim kosmosa ilk insan göndərəcək, Aya ilk ayaq basan kim olacaq, nüvə silahını kim birinci olaraq kosmosda yerləşdirəcək… və sair, və ilaxır. 

Elə indi də bu savaş bitməyib. Əksinə, daha da alovlanıb. Fərq burasındadır ki, indi mübarizə açıq müstəvidədir. Hegemon dövlətlərin bir-birinə üstün gəlmək mübarizəsinin neçə-neçə insan faciəsinə səbəb olduğunu isə çox yaxşı təxmin etmək mümkündür. Həyatı faciəylə sonlananlar arasında kosmos insanları – kosmonavtlar az deyil. Kosmosa ilk uçan insan – Yuri Qaqarinin faciəli ölümü zatən bəllidir. Y.Qaqarin tək deyil. Ondan başqa daha neçə kosmonavt SSRİ dikbaşlığının qurbanı olub. Onlardan biri də Vladimir Komarovdur. “Sherg.az” həyatı faciəvi şəkildə bitmiş rus kosmonavtın başına gələnləri “Milliyet.com.tr”yə istinadən təqdim edir. Vladimir Komarov 16 mart 1927-ci ildə Moskvada kasıb ailədə doğulub. Atası ailənin dolanışığını təmin etmək üçün hər cür işlərdə çalışıb. V.Komarovun ögey bacısı da olub. V.Komarov 8 yaşında məktəbə gedib. Kiçik yaşlarından da riyaziyyata həvəs göstərib. Müəllimlər də onun xüsusi zəkaya sahib olduğunu seziblər. O, rəqəmləri əzbərləməkdə mahir idi. Lakin 1939-cu ildə başlanan İkinci Dünya savaşı əksər insanlar kimi V.Komarovun da həyatına təsirsiz ötüşməyib. Faşist Almaniyasının SSRİ-yə hücumu başlananda V.Komarov məktəblə vidalaşıb və işləməyə başlayıb. Elə bu zaman da o, hərbi hava qüvvələrinə maraq duyub. 15 yaşında arzusunun ardınca gedib və Jukovski adına Hərbi Hava Qüvvələri Mühəndislik Akademiyasına daxil olub. 1945-ci ildə Akademiyanı bitirib. Ardınca SSRİ Hərbi Hava Qüvvələrində zabit rütbəsiylə çalışıb. Burada çalışdığı müddətdə pilot kimi fəaliyyət göstərib. Müharibədən sonra SSRİ-nin kosmosa insan göndərmək planları işə düşdükdə V.Komarov da kosmonavtlıq üçün müsabiqəyə qatılmağa qərar verib və 3 min namizəddən biri olub. Maraqlıdır ki, sonralar məşhur kosmonavt kimi tanınacaq V.Komarov müsabiqədən keçə bilməyib. Boyu, çəkisi, yaşı uyğun hesab edilməyib. Lakin seçilmiş namizədlərdən biri əməliyyat olunduğuna görə, siyahıdan çıxıb, onun əvəzinə V.Komarovu dəvət ediblər. Beləliklə V.Komarovun kosmosa yolu açılıb. 1957-ci ilin 4 oktyabrında SSRİ kosmosa ilk peykini göndərdiyini dünyaya bəyan edib. SSRİ 1961-ci ildə kosmosa ilk insan göndərdi, ardınca qadın kosmonavt Valentina Tereşkova kosmosa uçdu. Sonrasında bir neçə kosmonavtın birgə uçuşu planlanıb. Məhz V.Komarov 3 nəfərlik heyətin rəhbəri təyin edilib. 1964-cü il, oktyabrın 12-də “Vosxod 1” kosmik gəmisi V.Komarovun rəhbərliyi ilə vəzifəsini tamamlayaraq Yerə enib. Onların hamısı Sovet İttifaqı Qəhrəmanı fəxri adıyla təltif edilib. 1967-ci ilin aprelində isə “Soyuz 1” kosmik gəmisi lazımi səviyyədə təcrübədən keçirilmədən kosmosa göndərilib. Məlum olub ki, gəmidə texniki nasazlıq var. Bunu bilən alimlər kosmik gəminin təcili Yerə endirilməsini istəyiblər. “Soyuz 1” kosmik gəmisi atmosferə daxil olduğunda kosmonavtlar paraşütlə tullanmalıymış. Lakin V.Komarovun paraşütü açılmayıb. O, köməkçi paraşütdən istifadəyə cəhd edib, lakin onun da ipləri bir-birinə dolaşıb, nəticədə kosmonavt kilometrlərlə yüksəklikdən yerə çırpılıb və faciəli şəkildə həlak olub. Kosmonavtın son anlarda söylədiyi sözlərsə dəhşətlidir. Gəmidə texniki nasazlıq olduğunu bilən və qəzanın qaçılmazlığını dərk edən kosmonavt son anlarında Yuri Qaqarinə “ailəmə onları çox sevdiyimi söyləyərsən. Kapsulun içində istilik artır. Yavaş-yavaş huşumu itirirəm”, - söyləyib. Sonralarsa Türkiyədəki ABŞ-nin mərkəzi dinləmə stansiyası tərəfindən V.Komarovun son anlarını qeydə aldığı və kosmonavtın “məni bu xarab gəmiyə mindirənlərə lənət olsun” söylədiyi də bildirildi. Kosmonavtın parçalanmış cəsədindənsə demək olar ki, heç nə qalmamışdı. Yenə də bəzi qalıqları toplayıb Moskvada dəfn ediblər. V.Komarovun həyatı kosmosda faciəli şəkildə sonlansa da, onun adı 1971-ci ildə kəşf edilmiş bir asteroiddə və Aydakı kraterdə yaşayır. Ay səthində yerləşdirilmiş alüminium lövhədə də V.Komarovun adı kosmosda həyatını itirmiş digər kosmonavtlarla yanaşıdır.