Əminə Ərdoğanın kənd ziyarəti...

Lavanda topladı, meyvə-tərəvəzin dadına baxdı

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Mamakdakı ekoloji kəndi ziyarət edib.

 “Sherg.az“ “Milliyet.cm.tr”yə istinadən bildirir ki, bu kənd Mamak bələdiyyəsinin Gökçeyurd məhəlləsində yerləşir və ekoloji layihə məhz burada həyata keçirilir. Əminə Ərdoğan kənddə lavanda bağçalarını ziyarət edib, təbii üsulla bostan məhsullarının, tərəvəzlərin necə yetişdirildiyi ilə maraqlanıb. Kəndi ziyarət edən Ə.Ərdoğan bağçılarla birlikdə lavanda çiçəyi, meyvə və tərəvəz toplayıb, ekoloji becərmə ilə bağlı məlumat alıb. Ə.Ərdoğan kənddə turş mayadan əsl kənd çörəyi bişirilən bölümə də baş çəkib, burada çalışan qadınlarla söhbət edib. Təndirdən çıxarılan isti çörəyin dadına baxıb, ətrafına toplaşanlara da təndir çörəyindən təqdim edib. Ə.Ərdoğan bal istehsalı və ərzaqların qurudulduğu atelyedə də olub. Ona balın əldə edilməsi, süzülməsi haqqında, həmçinin, buradakı ərzaqların təbii üsulla, kimyəvi maddələr qatılmadan qurudulduğu barədə məlumat verilib. Qida məhsullarının paketlənməsində də selofan paketlərdən deyil, hər məhsula uyğun olaraq şüşə, saxsı qablardan, parça torbalardan istifadə edilir. Ə.Ərdoğan lavanda yağının, lavandadan sabun, ətirin necə hazırlandığını müşahidə edib. Cümhurbaşqanının həyat yoldaşına lavanda ətiri hədiyyə edilib. Gördüklərindən çox məmnun qaldığını söyləyən Ə.Ərdoğan təbii üsulla meyvə-tərəvəz yetişdirilməsinin, torpağa zərər vermədən əkinçiliklə məşğul olmağın, sağlamlıq və gələcək nəslin sağlamlığı baxımından üstünlüklərindən danışıb. Ə.Ərdoğana bildirilib ki, bu kənddə yetişdirilən məhsullar elə burada da satışa çıxarılır, əldə edilən gəlirdən işçilərin əməkhaqqının ödənməsində də istifadə edilir.