Dəhşətli 5 gecə: Ac-susuz qaldı

  Yalovanın Armudlu bölgəsində itkin düşən və 5 gün sonra tapılan Mehtap Dede dəhşətli anlar yaşayıb. Bursanın Osmanqazi əyalətində Üfadə İmam Hətib ora məktəbinin müəllimi olan Mehtap Dedenin yaşadığı kabus dolu günlər barədə qardaşı Həsən Basri Dede danışıb. “Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, Mehtap il yarım əvvəl həyat yoldaşından boşanıb. 2 qız övladıyla birlikdə yaşayan müəllimə yay tətilini keçirmək üçün Yalovanın Armudlu bölgəsindəki bağ evinə gəlib. Bir gün səhər evdən çıxan Mehtap axşam evə dönmədikdə ailəsi polisə xəbər verib. Ərazidə axtarışa başlanılıb. Müəllimənin cib telefonuna zəng edən polis siqnalın Bayraqlı təpə ətrafındakı meşədən gəldiyini müəyyənləşdirib. Fövqəladə hallar və təhlükəsizlik xidməti əməkdaşları ərazidə axtarışlara başlayıblar. Dronlar da səmadan axtarışa cəlb edilib. Müəllimə 5 gün sonra saat 16:00 radələrində Armudlu bölgəsində yolla addımlayarkən görünüb. Mehtap Dede tapılarkən güclə hərəkət edən, yorğun, taqəti tükənmiş halda olub. Müəllimə təcili yardımla Armudlu Dövlət Xəstəxanasına aparılıb, ona lazımi tibbi müdaxilə göstərilib. Qardaşı Həsən Bəsri Dede isə bildirib ki, həyat yoldaşından boşanan bacısı bir müddətdir çətin günlər keçirib, keçmiş həyat yoldaşıyla aralarında narazılıq yaşanıb. Onun itkin düşdüyü bilinəndə isə doğmaları özünə zərər verə biləcəyindən ehtiyat ediblər. Həsən Dede bacısı haqqında “indi, şükür yaxşıdır, özünə gəlib. Bizə dedi ki, fikrini dağıtmaq üçün meşəyə gəzintiyə çıxıb. Orada telefonunu itirib, qaranlıq düşdüyündən geriyə yolu tapa bilməyib və azıb. Qorxu dolu gecələr keçirib. Bu günlər ərzində heç nə yeməyib, su içməyib. Gecələr qaranlıqda hərəkət etməkdən qorxub, meşə heyvanlarından, vəhşi donuzlardan gizlənib. Həyəcan keçirib deyə, yolu tapa bilməyib. Səhər saatlarında təsadüfən meşədən asfalt yola çıxa bilib. Qonşularımız da onu burada görüblər və təhlükəsizlik əməkdaşlarına xəbər veriblər. Şükür Allaha ki, bacım sağdır, övladlarının yanındadır. Sağ qaldığına hələ də inanmır”, - söyləyib.