İranda baş örtüyü taxmadığı üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qaldığı iddia edilən 16 yaşlı Armita Geravandın beyin ölümü keçirdiyi elan edilib. Baş verənlərin ötən il öldürülən Məhsa Əmininin hekayəsinə bənzədiyi bildirilib. Bundan əlavə, Məhsa Əmini ilə bağlı reportaj hazırlayan iki qadın jurnalist də həbsə məhkum edilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, keçən il hicab taxmadığı üçün İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin həyatını itirməsi ilə ölkədə etirazlar başladı.
Əmininin ölümündən sonra hicab qaydası bir az yumşalsa da, bir il keçməmiş İranda qadınlara münasibətin əvvəlki kimi olduğu xəbəri gəlir.
Əxlaq polisinin törətdiyi zorakılığın son qurbanlarından biri də 16 yaşlı Armita Geravanddır.
Gənc qız oktyabrın 1-də paytaxt Tehranda huşsuz vəziyyətdə metrodan çıxarılırıb. Hadisə şahidləri bildiriblər ki, vaqonda olan 16 yaşlı uşaq hicab taxmadığı üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb. Rəsmi açıqlamaya görə, Armita Geravand vaqonda yıxılaraq başını yerə vurub.
İran mətbuatında çıxan xəbərlərə görə, 20 gündən çox xəstəxanada həyat mübarizəsi verən Armitanın beyin ölümü keçirdiyi bildirilib.
Digər tərəfdən İran İnqilab Məhkəmələri ölkədəki iki jurnalistə 6 və 7 il həbs cəzası verib. İki qadın jurnalist Nilüfer Hami və Elaheh Muhammedi “düşmən ABŞ hökuməti ilə əməkdaşlıq” və “milli təhlükəsizliyə qarşı sui-qəsd” ittihamları ilə mühakimə olunurdu.
Jurnalistlər ittihamları rədd etsələr də, məhkəmə onlara həbs cəzası verib.