Kral Çarlz ölən minlərlə insanın malını müsadirə edib - İDDİA


2022-ci il sentyabrın 8-də anası Kraliça Elizabetin ölümündən sonra taxta çıxan və mayın 6-da "Vestminster Abbey"-də keçirilən mərasimdə tac taxan Kral Çarlzın vəfat etmiş vətəndaşların mal-dövlətlərini öz mənfəəti üçün istifadə etdiyi ortaya çıxıb. 

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, kral Çarlz ölkənin şimal-qərbində həlak olan minlərlə insanın var-dövlətini ələ keçirməklə sərvətini genişləndirir.

Lancaster Hersoqluğunun sənədlərinə baş vuran qəzetə görə; Kral Çarlz feodal dövründən miras qalan sistem sayəsində vəsiyyətnamə qoymayan və ya varisləri olmayan insanlara məxsus “bona vacantia” kimi tanınan maliyyə aktivlərini ələ keçirə bilər.

Beləliklə, kral Çarlzın minlərlə insanın ölümündən qazanc əldə etdiyi ortaya çıxıb. Bildirilib ki, bu şəxslərin aktivləri həm də kommersiya daşınmaz əmlak imperiyası yaratmaq üçün istifadə olunub.


Lankaster Hersoqluğu adlanan torpaq və yaşayış təşkilatının son illərdə on milyonlarla funt sterlinq topladığı üzə çıxıb. Bununla belə, qurum son 10 ildə qazandığı 60 milyon sterlinqin  vergilər xaric olan hissəsini dərnəklərə bağışladığını bildirib.
"The Guardian" qəzeti bunun doğru olmadığını və sənədlərə görə əldə edilən milyonlarla funt-sterlinqin kralın mülklərinin inkişafı və kirayəsinə gizli şəkildə xərcləndiyini yazıb.

Əldə edilən sənədlərə görə, Kral Çarlz anası Kraliça Elizabetin ölümündən sonra ona miras qalan Lankaster Hersoqluğundan 26 milyon funt sterlinq alıb.

"The Guardian" qəzeti Preston, Mançester, Burnley, Blackburn, Liverpool, Ulverston və Oldham kimi yerlərdə vəfat etdikdən sonra pulları Kral Çarlzın malikanəsinə köçürülən onlarla insanın şəxsiyyətini müəyyənləşdirib.

Bir çoxları geridə qoyduqları pulla ziddiyyət təşkil edən bərbad əmlaklarda və ya sosial mənzillərdə yaşayırdılar.

Ölənlərin yaxınları bu əməli "iyrənc", "şok" və "əxlaqsızlıq" adlandırıblar.

Bukingem Sarayı məsələ ilə bağlı şərh verməkdən imtina edib.