Meksika körfəzindəki rəngarəng mərcan rifləri sərin, dərin yerdə olduqları üçün bu il ağarmadı. Amma qlobal istiləşmənin qarşısı alınmasa, xilas yoxdur!
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, okeanlarda və dənizlərdə canlı orqanizmlər tərəfindən əmələ gələn araqonit (karbonat mineral) strukturlarına “mərcan qayaları” deyilir. Dünyanın dəniz ekosisteminin əsas elementi olan mərcan riflər də “qlobal istiləşmədən” əziyyət çəkir. İqlim dəyişikliyi səbəbiylə okean və dəniz suları isindikcə mərcan qayalarının quruluşuna zidd olan bu inkişaf onların rənglərinin ağarmasına səbəb olur. Sarı, narıncı və çəhrayı qayaların rəngi saf ağa çevrilir. Ən isti il elan edilən 2023-cü ildə regionda və 35 ölkədə kütləvi mərcan rifi ağarması baş verib.
Amma Texas sahillərindən 160 km aralıda yerləşən Meksika körfəzindəki “milli dəniz mühafizə zonası”nda olan qayalıqlar dərin və sərin ərazidə olduqları üçün bu istidən təsirlənməmiş, rənglərini qorumuşlar. Keçən həftə burada dalış edənlər neft platformalarının altında sarı, narıncı və çəhrayı mərcan rifləri ilə örtülmüş sualtı dağları seyr ediblər. Ancaq qlobal istiləşmənin qarşısı alınmasa, bu gözəlliyin bütün digər mərcan rifləri ilə birlikdə 2040-cı ilə qədər yox olacağı bildirilib. Okeandakı canlıların 25 faizinin riflərdə yaşadığını nəzərə alsaq, təhlükənin miqyası göz qabağındadır.