İran Süleymaninin qətlinə görə 49,7 milyard dollar tələb edir

Tehranın Ali Məhkəməsi ABŞ hökuməti, eləcə də 41 fiziki və hüquqi şəxsin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit bölmələri) keçmiş komandanı Qasım Süleymaninin qətlinə görə 49,7 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarıb.
Bakupost.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, təqsirləndirilənlər siyahısına ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və müdafiə naziri Mark Esper, həmçinin ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli və ABŞ Mərkəzi Qərargahının (CENTCOM) keçmiş rəisi Kennet Makkenzi daxildir. Bundan başqa, Dövlət Departamenti, ABŞ Müdafiə Nazirliyi, ABŞ Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), həmçinin CENTCOM və ABŞ Federal Ehtiyat Sistemi də cərimə ödəməlidir.
Qeyd olunur ki, məhkəmənin qərarında Süleymaninin qətli ilə əlaqədar bütün müttəhimlərin açıq üzr istəməsi və bu üzrxahlığı ABŞ-ın ən məşhur yerli nəşrlərdən birində dərc etməsi də qeyd olunub.
Ümumilikdə, bu iş üzrə ən azı 3318 iddia qaldırılıb. Məhkəmə üç açıq dinləmə keçirib, daha sonra hökmünü elan edib. Hökm qiyabi çıxarılıb və iki ay ərzində apellyasiya şikayəti verilə bilər.