İranın regiondakı maraqları: Abdullahian İrəvana niyə gedib?

İranın xarici işlər naziri Hüseyn Əmir Abdallahian İrəvanda işgüzar səfərdədir.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.
İran KİV-lərinin məlumatına görə, Abdullahian Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir.
O, həmçinin “3+3” formatında Cənubi Qafqaz regionu ilə bağlı mühüm məsələlər üzrə məsləhətləşmələr aparacaq.

Səfəri “Sherg.az”a şərh edən siyasi şərhçi Əhməd Şahidov İran və Ermənistan arasında siyasi, mədəni, iqtisadi əlaqələrin tarix boyu  mövcud olduğunu söyləyib:
 “Azərbaycanla Ermənistan arasında son 30 illik müharibə dövründə də müsəlman qonşumuz olan İran rəsmi İrəvanla yaxın münasibətlərə malik olub. Hətta bu yaxınlıq hərb sektorunda da qarşılıqlı əlaqələrə gətirib çıxarıb. Hər nə qədər Azərbaycan İranla Ermənistan arasındakı hərbi əməkdaşlıqdan narahatçılıq keçirsə də, sözügedən ölkələr arasında daim hərbi sahədə əməkdaşlıq mövcud olub. 2020-ci ilin 44 günlük Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən sonra bölgədə sülh gündəliyi var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi addımlar atılmaqdadır. Belə olan məqamda İran da öz maraqlarını təmin etməyə çalışır. Xüsusilə Zəngəzur dəhlizi məsələsində İranın fəallığı qalmaqdadır”.

Ə.Şahidov İranın heç bir halda öz sərhədlərini itirmək istəmədiyini vurğulayıb:
“Həmçinin rəsmi Tehran siyasi-iqtisadi layihələrdə iştirak etməyə çalışır. Bu nöqteyi nəzərdən İranın xarici işlər nazirinin Ermənistana səfəri təkcə İran və Ermənistan münasibətlərinin inkişaf etdirməsi baxımından deyil, eyni zamanda Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsində İranın da maraqlarının nəzərə alınması və bölgədə fəal rolunun təmini baxımından İran üçün əhəmiyyətlidir. Düşünmürəm ki, bu günki şəraitdə Ermənistanla Azərbaycan arasında müqavilənin imzalanmasına maneəçilik törədsin. Hazırda Azərbaycanla İran arasında münasibətlərdə normallaşmaqda davam edir. Yaxın zamanda Tehran Azərbaycan səfirliyinin fəaliyyətə başlaması təmin olunacaq. Bu konteksdə İran sadəcə regiondakı maraqları çərçivəsində fəaliyyət göstərir”.