İstanbulda güclü yağış selə səbəb olub, məktəblərdə tətil elan olunub

İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub. Bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, daşqınlardan ən çox Sarıyer rayonunun Ayazağa məhəlləsi zərər çəkib. Sakinlər ərazidəki ev və ofislərdən təxliyə edilib.

Güclü yağış şəhər nəqliyyatında da ciddi problemlər yaradıb. İşdən çıxış saatlarında tıxacın səviyyəsi 89 faizə yüksəlib.

İstanbulda ümumilikdə 1277 su basması hadisəsi qeydə alınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) və 112 Təcili Yardım xidmətinə 2518 müraciət daxil olub.

Yağışlarla əlaqədar sabah İstanbulda məktəblərdə dərslər dayandırılıb. İstanbul valisi Davud Gül sakinlərə müraciət edərək zəruri olmadıqca evdən çıxmamağı tövsiyə edib.

Bundan başqa, motosikletlərin saat 21:00-dan etibarən hərəkətinə qadağa qoyulub.