Harrisdən təcili çağırış: Tədbir görməsək, qarşısını ala bilməyəcəyik

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris süni intellekt üçün təhlükəsizlik mexanizmlərinin təcili tətbiqinə çağıraraq, onun ən ciddi risklərinin qarşısını almaq üçün imkanların getdikcə azaldığı barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Cənubi Koreyanın Asan Siyasət Araşdırmaları İnstitutunda çıxışı zamanı bildirib.

Harris qeyd edib ki, süni intellekt hazırlayan şirkətlər bu sahədə qoruyucu qaydaların müəyyənləşdirilməsi prosesində iştirak etməlidir: “Əgər hansısa nəzarət və təhlükəsizlik mexanizmləri tətbiq etmək istəyiriksə, süni intellekt hazırlayanlar da bu prosesdə iştirak etməlidirlər. Məni narahat edən odur ki, imkanlar pəncərəsi bağlanır”.

Keçmiş vitse-prezidentin sözlərinə görə, hökumətlər və şirkətlər onun süni intellektlə bağlı mövcudluq üçün təhlükə yaradan üç əsas risk kimi xarakterizə etdiyi problemlərə qarşı dərhal tədbir görməlidirlər. Bunlara kibertəhlükəsizlik təhdidləri, süni intellektlə idarə olunan silahlar və insan nəzarətindən çıxa bilən sistemlər daxildir.

Kamala Harris həmçinin ABŞ-ni süni intellekt üzrə beynəlxalq qaydaların və standartların müəyyənləşdirilməsi məsələsində Çinlə əməkdaşlıq etməyə çağırıb. O söyləyib ki, iki ölkə arasındakı daha geniş strateji rəqabət ortaq risklərlə bağlı əməkdaşlığa mane olmamalıdır: “Milli maraqlarımızın üst-üstə düşdüyü sahələrdə əməkdaşlıq imkanları var”.