İsveç qorxuya düşüb: Rusiyanın hücumu gözlənilir?

“İsveçdə də savaş baş verə bilər, xalqımız müharibəyə hazır olmalıdır”.
Bunu İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin deyib. 
 "Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşdiyini və rəsmi Moskvanın ölkəsi üçün ciddi risk olduğunu-", nazir qeyd edib. 

Karl Oskarın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, İsveçin NATO-ya namizədliyi irəli sürülən zaman onlar, o qədər də həvəsli deyildilər:

"Sadəcə olaraq məcburiyyət qarşısında NATO-ya üzv olmaq istəyirdilər. Amma indi Ukraynaya ABŞ və Qərbin dəstəyi azalıb. Eyni zamanda Ukrayna savaşında Rusiya tərəfi təşəbbüsü ələ almağa başlayıb. Ehtimal olunur ki, Rusiya bu savaşda qalib gəlmə şansı qazanıb. Belə olan təqdirdə isə İsveç qorxuya düşüb. Ona görə də tez-tələsik NATO-nun təhlükəsizlik çətiri altına sığınmağa çalışır. Yəni,  Rusiya Ukrayna üzərində qalib gələrsə, Şimal qonşumuzun hədəfləri sırasına Avropa ölkələri də düşə bilər. Hazırda Rusiyanın ən çox hədələdiyi ölkələr sırasında Finlandiya, Polşa və İsveç yer alır. İsveç Ukrayna savaşındakı vəziyyətin dəyişməsindən qorxaraq mümkün qədər NATO-ya tez daxil olmağa çalışır. Amma Ukrayna savaşının yaxın zamanda bitəcəyi gözlənilən deyil. Ukrayna müharibəsinin taleyi ABŞ-da keçiriləcək Prezident seçkilərindən sonra bəlli olacaq. Ona görə də yaxın bir neçə il ərzində hansısa Avropa dövlətinin birbaşa Rusiyanın aqressiyasına məruz qalma ehtimalı nəzəri xarakter daşıyır ".