Ermənistanın sərhədini qanunsuz keçərək Sünik vilayətinin Şəki kəndindəki evə daxil olan və yerli sakini yaralayan azərbaycanlı hərbçi Nəsimi Musayev dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.
Sherg.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti dindirmə ilə bağlı əldə etdiyi məlumatlara istinadən yazıb.
Qəzetin məlumatına görə, Musayev ifadəsində erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək istəmədiyini, ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini iddia edib. Onun sözlərinə görə, qadın silahından yapışdığı üçün atəş açmağa məcbur olub. Musayev yazılı ifadəsində daha sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də bildirib.
Hadisə zamanı yaralanan Ani Avetisyan isə mediaya fərqli açıqlama verib. O bildirib ki, evə daxil olarkən Musayevin uşaqlarını silahla hədələdiyini görüb. Qadının sözlərinə görə, hərbçi üç dəfə atəş açıb: ilk güllə hədəfə dəyməyib, ikinci dəfə isə oğluna atəş açmağa cəhd edib. Ani silahın lüləsindən yapışdıqdan sonra güllə onun özünə dəyib.
Avetisyan daha sonra Musayevi bıçaqla vurduğunu, hərbçinin isə üçüncü dəfə onun ayağına atəş açdığını bildirib. Qadının iddiasına görə, Musayevin patronları bitdikdən sonra o, silahını yenidən doldurmağa çalışıb. Ani müqavimət göstərməsəydi, hərbçinin bütün ailə üzvlərinə atəş aça biləcəyini düşündüyünü deyib.