Suat Delgen: Türkiyə 2029-cu ildə ilk F-16 Blok 70-ni ala bilər

Türkiyə ABŞ-la F-16-lar almaq üçün 23 milyard dollarlıq razılaşma əldə etməsinə baxmayaraq, 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) da almaq niyyətindədir.
Bu barədə “Röyters” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ankara “Tayfun”u almaq üçün Böyük Britaniya və İspaniya ilə danışıqlar aparır:
“Danışıqlara Türkiyənin ABŞ-dan 2021-ci ilin oktyabrında F-16 qırıcılarını ala bilməyəcəyi haqda xəbərlərdən sonra başlanılıb”.
Qeyd edək ki, “Tayfun” təyyarələri Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya konsorsiumu tərəfindən istehsal olunur.

Məsələ ilə bağlı "Sherg.az"a danışan  Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen bildirib ki, dünya yeni dövrə qədəm qoyub:
"Yeni müharibə təhlükəsi Norveç, İsveç, İngiltərə kimi ölkələr tərəfindən yüksək səslə səsləndirilməyə başlanıb. Bu ölkələr öz xalqlarından müəyyən müddət ərzində əsas ehtiyaclarını ödəmək üçün ləvazimatları evlərində saxlamalarını istəyib. NATO 1985-ci ildən bəri ilk dəfə 90.000 nəfərin iştirak edəcəyi “Sabit Müdafiəçi” təliminə start verib. Təhlükəsizlik mühitinin bu qədər kövrəkləşdiyi bir şəraitdə Türkiyə üçün təhlükəsizlik və hərbi güc daha çox əhəmiyyət kəsb edir. Bu səbəbdən də Türkiyənin hava gücünün ən qısa zamanda yenilənməsi həyati əhəmiyyət daşıyır. F-16  Block 70-nin tədarükülə bağlı ABŞ ilə razılaşma əldə edilmiş kimi görünsə də, satış prosesində texniki cəhətdən Konqresin müdaxiləsi mümkündür. Digər tərəfdən, Lockheed Martin şirkətinin aylıq F-16 Blok 70 istehsal gücü dörd ədəddir. Hazırda şirkətin Bəhreyn, Slovakiya, Tayvan, Bolqarıstan və İordaniyadan 100-dən çox sifarişi var. Bu şərtlər altında, ən optimist proqnozla Türkiyə 2029-cu ildə ilk F-16 Blok 70-ni ala bilər. Türk Aerokosmik Sənayesi (TAI) modernləşdirmə dəstləri gələrsə, Block 70 Viper modernizasiyasını Türkiyədə həyata keçirilə bilər. Modernizasiya dəstlərinin isə 2025-ci ildən etibarən Türkiyəyə çatdırılması mümkündür".

 Ekspert qeyd edib ki, Türkiyə ABŞ Konqresində proseslə bağlı yarana biləcək çətinlikləri və F-16 Blok 70 təyyarələrinin çatdırılma tarixlərini nəzərə alaraq, tək mənbədən asılı qalmamaq üçün EuroFighter Typhoon variantını saxlamaq istəyir:
"Əgər Almaniya bu gün EuroFighter satmağa razı olsaydı, ilk təyyarə Türkiyəyə yalnız 2028-ci ildə gələ bilərdi. Bu proses zamanı Türkiyə-Avropa İttifaqı münasibətləri normal şəkildə davam etməlidir. Yəni Türkiyə Yunanıstanla Egey və Şərqi Aralıq dənizində böhran yaşamamalıdır. Nəticədə Türkiyə döyüş təyyarələrinin tədarükü ilə bağlı seçimlərini artırmaq və təkcə ABŞ-dan asılı olmamaq istəyir. Bu nöqtədə İsveçdə istehsal edilən Saab JAS 39 Gripen Next Generation Türkiyə üçün alternativ variant olaraq ön plana çıxa bilər".