Tramp İranın nüvə silahı proqramına qarşı mübarizənin liderlərindən sayılır -ŞƏRH

“İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq”.
Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
O bu məsələdə Ağ Evin hazırkı rəhbəri Co Baydeni ittiham edib.
“Onlar nüvə silahı əldə etdikdən sonra bu, artıq tamam başqa tarix olacaq. Tamamilə fərqli danışıqlar, tamamilə fərqli razılaşmalar... Bayden onlara bunu etməyə icazə verdi”, - deyə Tramp qeyd edib.

Trampın fikirlərinə münasibət bildirib Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az"a söyləyib ki, İranın atom nüvə proqramı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsi Prezidenti Barak Obamanın hakimiyyəti dövründə qəbul olunub:

" Tramp isə hakimiyyətə gəldikdən sonra həmin müqavilədən imtina edib. Hətta bundan sonra İranın neft sanayesi və hasilatına qarşı sərt sanksiyalar tətbiq edib. O, bütün bunları İranın atom nüvə proqramı ilə əlaqələndirib. Trampın İranın nüvə silahı əldə etməsi məsələsi ilə bağlı iddiaları əsassız deyil. Çünki bir çox mütəxəssislər iddia edirlər ki, artıq İran atom silahı əldə edəcək səviyyədə uranı zənginləşdirib. Hətta rəsmi Tehran hakimiyyətində ayrı-ayrı rəsmilər belə İranın uranı 80 faizə qədər zənginləşdirdiyini bildirirlər. Ona görə də Trampın iddiası həqiqəti əsk etdirir və Cozef Bayden də İranın nüvə silahına sahib olması mövzusuna laqeyd yanaşmır. Eyni zamanda Tramp İranın nüvə silahı proqramına qarşı mübarizənin liderlərindən sayılır. Bu istiqamətdə üstünlüyü əldən verməmək üçün siyasi rəqibi Baydeni tənqid edir".