İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşır.
bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib.
O, təliminin cari İran ilinin sonuna qədər (mart ayına qədər -red.) keçiriləcəyini qeyd edərək, digər ölkələrin də təlimə qatılmağa dəvət olunduğunu açıqlayıb.
"İran donanmasının hazırkı vəziyyətdə ən mühüm strategiyası İslam quruluşu və İran millətinin mənafeyini və iqtisadi resurslarını qorumaqdır.
İran Ordusunun Hərbi Dəniz Qüvvələri İran İslam Respublikasının gəmiçiliyini qoruyur və təhlükəsizliyi təmin etmək üçün dəstəyə ehtiyacı olan ölkələrə kömək edir", o deyib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev vurğulayıb ki, bu cür təlimlər əvvəlcədən planlaşdırılır:
"Həmçinin həmin plan əsasında təlimlər reallaşdırılır. Böyük ehtimalla üç ölkənin birgə hərbi dəniz təlimləri də əvvəlcədən planlı şəkildə qurulub. Lakin hazırda regionda İran və Amerika Birləşmiş Ştatları arasında ciddi konflikt mövcuddur. Eyni zamanda İran proksi qüvvələri vasitəsilə Yaxın Şərqdə yenidən aktivləşib. Çin Rusiya və İranı dəstəkləyir. Paralel olaraq Rusiya da İrana mənəvi dəstək göstərir. Üç ölkə birlikdə təlim keçirərək faktiki olaraq ehtimal olunan təhlükə qarşısında ortaq mövqe sərgiləyəcəklərini göstərməyə çalışırlar. Bu bir növ Amerika və onun müttəfiqlərinə gözdağıdır. Digər tərəfdən üç ölkə nə qədər birlikdə hərəkət edirmiş kimi görünsə də, real olaraq fərqli maraqlara sahibdirlər. İdeolojik olaraq da da üç ölkə bir-birinə bənzəmir. Yəni birlikdə hərəkət etmələri xarici təhdidlər yaranacağı təqdirdə mümkündür. İran, Çin və Rusiyanın birlikdə irəliləməsi inandırıcı deyil ".