Yeni hökumət: Gürcüstan xarici siyasətində Qərb və Şərq arasında balans yaratmağa çalışacaq

Gürcüstan parlamentində dünəndən yeni hökumətə etimad göstərilməsi prosedurlarına start verilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament komitələrində, fraksiya və siyasi qruplarda aparılan müzakirələrdən sonra məsələ plenar sessiyaya çıxarılacaq.
Hakim “Gürcü Arzusu” partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin proqramını cümə axşamı deputatlara təqdim edəcək və daha sonra etimad səsverməsi keçiriləcək.
Gürcüstan hökumətinin yenilənmiş fəaliyyət planında ölkənin Avropa istiqamətində səylərinin davam etdiriləcəyi, strateji tərəfdaşlarla intensiv əlaqələr və vətəndaşlara qayğı yer alıb. Həmçinin ölkədə sabitlik və təhlükəsizlik, suverenliyin gücləndirilməsi, Rusiya-Gürcüstan münaqişəsinin dinc yolla həlli və Gürcüstanın ərazi bütövlüyünün bərpası kimi prioritet istiqamətlərin dəyişmədiyi, bütün önəmli layihələrin və təşəbbüslərin davam etdiriləcəyi qeyd olunub.

Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstanın xarici siyasətində güclü dəyişiklik olmayacaq: 

"Çünki xarici siyasət "Gürcü Arzu" partiyası və Gürcüstanın boz kardinalı İvanaşvilinin istədiyi kimi davam edəcək. Ona görə də baş nazirin yerinə başqasının gəlməsi reallıqda hansısa məsələnin radikal şəkildə dəyişməsinə gətirib çıxarmayacaq. Burada açıq şəkildə elan edilib ki, bir tərəfdən Avropaya inteqrasiya, digər tərəfdən isə Rusiya ilə münasibətlərin dinc yolla həlli məsələsi ortaya qoyulub. Faktiki olaraq Gürcüstan hökuməti balans siyasətinə davam edəcək. Qərb tərəfindən artan təzyiqlər və Ukrayna müharibəsindən sonra Rusiyanın müəyyən qədər zəifləməsi Gürcüstanı üzdə daha çox Qərbpərəst göstərə bilər. Amma reallıqda Tbilisi Rusiya  ilə siyasi əlaqələrini qoruyub saxlayacaq. Yəni Gürcüstan xarici siyasətində Qərb və Şərq arasında balans yaratmağa çalışacaq".