Cəbrayılda ikinci mina partlayışı: Oğlunun ardınca atası da...

Cəbrayılda ikinci mina partlayışı olub. Belə ki, mina partlayışı zamanı xəsarət alan Orxan Əşrəf oğlu Qəhrəmanovun atası Əşrəf də mina partlayışı zamanı yaralanıb.

Sherg.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində 2-ci mina partlayışı hadisəsi baş verib.

Qeyd edək ki, bir müddət öncə Orxan Qəhrəmanovun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Əşrəf Qəhrəmanov xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır:

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!".