ABŞ prezidenti Co Bayden ölkə Konqresində qəbul olunacağı təqdirdə, Ukraynaya dəstək və ABŞ sərhədlərinin təhlükəsizliyini ehtiva etməyən İsrailə yardım göstərilməsi ilə bağlı qanun layihəsinə veto qoyacaq.
Trend-in məlumatına görə, Ağ Evin İdarəetmə və Büdcə İdarəsi yaydığı yazılı açıqlamada bildirib.
"Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiyləni rədd etməyə və bunun əvəzinə əlavə milli təhlükəsizlik maliyyəsi təmin etmək üçün tez bir zamanda iki partiyalı qanun layihəsini Prezidentin masasına göndərməyə çağırır", - deyə qeyd olunub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Amerika Birləşmiş Ştatları dünyada imperialist maraqlarını təmin etmək üçün maliyyə resurslarını da səfərbər edib:
"Ukraynada davam edən müharibənin arxasında duran əsas qüvvənin Amerika olduğu heç kimə sir deyil. Eyni zamanda ABŞ burada da öz geosiyasi maraqlarını güdür. Digər tərəfdən Yaxın Şərqdə cərəyan edən proseslər fonunda da İsrailin əsas dəstəkləyicisi rəsmi Vaşinqtondur. Ona görə də Ukraynaya dəstək və İsrailə yardım nöqteyi-nəzərdən konqresdə müzakirələr mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda məhz dünyadakı iki qlobal müharibə fonunda ABŞ-da seçkilər keçrilir. Seçkilərin isə qalmaqallı və müzakirələrə səbəb olacağı indidən proqnozlaşdırılır. Həmçinin Ukraynaya verilən dəstəyin yubadılması savaşın uzadılmasına hesablanıb. Çünki yardımlar vaxtında edilsə idi, müharibənin gedişi köklü şəkildə dəyişəcəkdi. Son zamanlar Rusiya müxtəlif istiqamətlərdə hücümlar həyata keçirir. Ona görə də bu yalnız siyasi təsir üçün baş tutan taktikadır. Yəni Amerikanın daxili tələbatını təmin etməyə hesablanan strategiyadır".