Gürcüstanın AB üzvlüyünə namizəd statusu alması Cənubi Qafqazdakı reallıqları dəyişir. AB regionda görünür.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Qlobal dünya beş-altı il əvvəlki kimi deyil. Artıq heç bir subyektlə münasibətlərimiz əvvəlki kimi deyil, bölgəmiz də, mühüm reallıqlar da dəyişib. Bu reallıqlardan biri də Gürcüstanın Avropa Birliyinə namizəd üzv statusu almasıdır ki, bu da regiona obyektiv təsir göstərir. Qonşularımızdan ikisinin - Gürcüstan və Türkiyənin AB üzvlüyünə namizəd statusu var. AB əslində bizim regionumuzdadır. Bu baxımdan mən Gürcüstanla strateji dialoqun başlanmasına önəm verirəm”, - Paşinyan bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Paşinyanın bu addımı Avropadan gələn tezisdir:
"Eyni zamanda antiRusiya əhval-ruhiyyəsinin artmasına hesablanıb. Belə bir məqsədə nail olmağın mümkün olması və Rusiyanın mövqeyinə qarşı açıq şəkildə sərt tədbirlərin Ermənistana hansı dividentlər gətirməsi sual altındadır. Amma yaxın vaxtlarda Gürcüstan ilə Ermənistan arasında strateji əməkdaşlıq müqaviləsinin bağlanmasından sonra müəyyən planların olduğunu görə bilərik. Həmçinin həmin plan antirusiya mövqeyini yönəlməkdədir. Digər tərəfdən Ermənistanın bu şəraitdə ciddi uğur əldə etməsi imkansızdır. Çünki bilavasitə Rusiya və Ermənistan elitalarının toqquşmasına səbəb ola bilər. Bu isə "beyin ölmü" deməkdir".