Havada dəhşətli ölüm: Sərnişin qanlar içində can verdi, təyyarə təcili eniş etdi

Banqkokdan Münhenə uçan Lufthansa təyyarəsində dəhşətli ölüm hadisəsi baş verib. Bir sərnişin qan içində ölüb.

Sherg.az xəbər verir ki, "Britaniyanın Sky News" kanalının məlumatına görə, hadisə şahidləri Taylandın paytaxtı Banqkokdan, Almaniyanın Münhen şəhərinə uçan Almaniya vətəndaşı olan 63 yaşlı kişinin Lufthansa təyyarəsində öskürdüyünü, ağzından və burnundan çoxlu qan axdığını bildirib. 

Hadisə şahidləri qeyd ediblər ki, kişi həyat yoldaşı ilə birlikdə təyyarəyə minərkən çox xəstə görünüb, tərləyib və nəfəs almaqda çətinlik çəkib.

Sərnişinlərdən Martin Missfelder hadisədən sonra mətbuata açıqlamasında bildirib ki, təyyarə havaya qalxdıqdan az sonra adamın vəziyyəti sürətlə pisləşməyə başlayıb, ağzından və burnundan “litrlərlə qan” gəlib.

Lufthansa sözçüsü bildirib ki, təyyarədə həkim tərəfindən görülən təcili və hərtərəfli ilk yardım tədbirlərinə baxmayaraq, sərnişin uçuş zamanı ölüb.

Təyyarə hadisədən sonra 12 saat davam etməsi gözlənilən səfərin 2-ci saatı bitmədən Banqkoka dönüb.