Makronun Ukraynaya səfərinin ləğv edilməsinin Pərdəarxası -ŞƏRH

Fransa Prezidenti Makron Kiyevə səfərini ləğv etməklə ukraynalı diplomatları şoka salıb. Onun səfərinin təxirə salınması qərarının təhlükəsizliklə əlaqədar olduğu daha əvvəl açıqlanmışdı. Kiyevə planlaşdırılan səfərdən əvvəl Makron Odessaya da getməli idi. Makronun səfərinin təşkilatçıları çaşqınlıq içindədir və səfər üçün yeni mümkün tarix hələ müəyyən edilməyib.
Bu barədə “Challenges” nəşri məlumat yayıb.
“Fransa Prezidenti və ukraynalı həmkarı görüş zamanı Ukrayna Silahlı Qüvvələri üçün yeni silah təchizatını müzakirə etməli idilər. Makron həmçinin Fransanın kiçik və orta müəssisələri tərəfindən həyata keçirilən mülki layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 200 milyon avroluq fondun yaradılmasını elan etməyi planlaşdırırdı”, - məlumatda deyilir.


Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq İlqar Vəlizadə bildirib ki, son vaxtlar Avropada, xüsusilə də Fransada sağçıların mövqeyi möhkəmlənib: 

"Ultra sağçılar Avropa hökumətlərinin daxili işləri qırağa qoyub Ukrayna məsələsinə yönəlməsini tənqid edir. Çünki orada xeyli problemlər yığılıb qalıb. Eyni zamanda kənd təsərrüfatı sahəsində fermerlər problem yaşayır. Yaxın gələcəkdə Avropa Parlamentinin seçkiləri olacağını nəzərə alsaq, Fransanın hakim dairələri öz reytinqini itirmək istəmir. Ona görə də ultra sağçılarla üz-üzə gəlməkdən çəkinirlər. Fransa Prezidentinin Kiyevə səfəri və Ukrayna veriləcək yardımla bağlı açıqlamalar Makronun Avropa seçkilərində iştirakına mənfi təsir göstərə bilər. Buna görə də Makron həmin səfərdən imtina edib".