Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonu təhlükəli insan adlandırıb.
Vladimir Putin bunu jurnalist Pavel Zarubinlə söhbətində deyib.
“Karlsondan sərt suallar gözləyirdim ki, ona da eyni ruhda cavab verə bilim. Lakin o, səbirli oldu və tarixi dinlədi. Jurnalist planını ciddi şəkildə yerinə yetirib”, - Putin bildirib.
Vladimir Putinin söylədiklərində qeyri-adi heç nəyin olmadığını vurğulan tanınmış telejurnalist, professor, "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsinin üzvü Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, jurnalistlər hökümət başçıları, görkəmli insanlar və siyasətçilərlə müsahibə zamanı çox incə nüansları tuturlar:
“Müsahibəni də həmin nüansın üzərindən həyata keçirir və davam etdirirlər. Bəzən isə təxribat xarakterli suallar verirlər. Çünki jurnalistlər üçün mövzu məhdudiyyəti yoxdur. Burada Taker Karlson Putin üçün ona görə təhlükəli hesab edilir ki, o çox soyuqqanlı, düşüncəli və ağıllı şəkildə Rusiya Prezdentini dinləmək üsulunu seçib. Buna görə də müsahibə mübahisə şəklində deyil, Rusiya Prezidentinin düşüncə və niyyətlərini dünyaya yaymaq məqsədi güdüb. Putin isə daha çox siyasi məsələlər ilə bağlı müsahibənin mübahisə xaraxterli olacağını gözləyirdi. Çünki belə məqamlarda adətən siyasətçilər jurnalistlərə qalib gəlir. Jurnalistin gücü sualının məzmununda, verilmə tərzində və müsahibə taktikasını uğurlu seçməyindədir. Takerin müsahibəsindən belə nəticəyə gəlmək olur ki, jurnalist təkcə çılğınlığı, intiriqa yaratmağı ilə seçilməli deyil. Eyni zamanda səbri, ağlı, soyuq davranışı və dinləmə qabiliyyəti ilə fərqlənməlidir. Ona görə də Taker təhlükəli deyil, nümunəvi jurnalistdir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsi fevralın 9-da dərc olunub.