Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə gedib.
Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Ərdoğan və Sisi ikitərəfli və heyətlərarası görüşlər keçirib.
Ərdoğan xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin baş müşaviri Akif Çağatay Kılıçla birlikdə Qahirəyə gedib.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a Türkiyə Misir əlaqələrinin 11 ildən sonra Ərdoğanın Qahirəyə səfəri ilə yenidən qurulduğunu söyləyib. Politoloqun sözlərinə görə, iki liderin bir araya gəlməməsi ilə bağlı çoxlu danışıqlar gedirdi:
“Ərdoğanın bu dövrdə verdiyi açıqlamalara əsaslanaraq, bölgənin siyasəti, xüsusilə də Həmas-İsrail gərginliyi, Şərqi Aralıq dənizində enerji qaynaqlarının çıxarılması, Avropaya enerji qaynaqları Türkiyə və Misiri yaxınlaşmağa məcbur etdi. Qəzzanın gələcəyi birbaşa Misir və Türkiyə ilə bağlı olduğu üçün keçmişdə barələrində verilən açıqlamaları bir kənara qoyaraq iki liderin bir araya gəlməsi son dərəcə əhəmiyyətlidir. Şərqi Aralıq dənizində enerji ehtiyatlarının Misir və Türkiyə tərəfindən birgə çıxarılması və Avropaya ixracı son dərəcə vacibdir. Ötən ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının iclasında Ərdoğanla qısa salamlaşma Misirlə Türkiyə arasında yaxınlaşmanın əlaməti idi. Hətta Türkiyə-İsrail və Türkiyə-Yunanıstan yaxınlaşması istiqamətindəki proseslərə açıq olduğunu söyləmək mümkündür. Türkiyə, Misir, İsrail və Yunanıstan arasında yaxınlaşma Rusiya və İran tərəfindən qurulmaqda olan yeni enerji bərabərliyi kimi qəbul edilir. İran və Rusiya HƏMAS daxilindəki əlaqələri hərəkətə keçirərək dördlü ittifaqın yaradılmasının qarşısını aldı. Enerji müharibələrinin mühüm göstəricisi sayılan HƏMAS-ın İsrailə hücumu Türkiyə-İsrail münasibətlərini pozsa da, Türkiyə-Misir münasibətlərini daha güclü səviyyəyə çatdırdı. Önümüzdəki günlərdə güclənəcək Türkiy- Misir münasibətləri bir tərəfdən Qəzza məsələsini normallaşdıracaq, digər tərəfdən Türkiyə, İsrail, Misir, Yunanıstan razılaşmasının infrastrukturunu da formalaşdıracaq”.