Stoltenberq gecikib: Geri dönüş yoxdur -ŞƏRH

"Əgər Prezident Putin Ukraynada qalib gəlsə, bu, bizim üçün də problemdir".
Bunu NATO Baş katibi Yens Stoltenberq alyasın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.
O bildirib ki, bu, Putinlə yanaşı digər avtoritar rejimdə olan ölkə liderlərlərinə - Si Cinpinə hərbi güc tətbiq etməklə istədiklərinə nail olmağı aşılayır:
"Ukraynada olanlar sabah Tayvanda da baş verə bilər. Bu, bizim və ABŞ-nin təhlükəsizliyi üçün vacibdir. Buna görə də mənim gözləntim odur ki, bu, ABŞ Konqresində qərarda öz əksini tapsın. Müstəqil suveren Parlament və ya Milli Assambleya adından nəyəsə zəmanət vermək mənim işim deyil, amma mesajlara, siyasi reallığa və ABŞ-nin təhlükəsizlik maraqlarına əsaslanaraq, prezident Putinin qalib gəlməsinə imkan verməyəcəklərini gözləyirəm. Digər tərəfdən təbii ki, ABŞ-nin indiyə qədər qərar verə bilməməsi artıq öz nəticələrini verib. Bu, yardım axınına təsir göstərir", - Stoltenberq qeyd edib.

Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Yens Stoltenberqin bəyanatı gecikmiş açıqlamadır: 

“Stoltenberq bu açıqlamanı 2022-ci ilin fevral ayında etsə idi, Rusiyanın Ukraynaya hücüm etmək həvəsi qalmazdı. Çox təəssüf ki, müharibənin gedişatından 2 il sonra belə qərar alınıb. Məsələyə baxan zaman Trampın vaxtilə NATO ölkələrinə olan xəbərdarlığı ağıla gəlir. O bildirmişdi ki, hər bir NATO üzvü olan ölkə öz müdafiə patensialını artırmalıdır. Eyni zamanda öz büdcəsindən müdafiə patensialının artırılması üçün vəsait ayırmalıdır. Bunu etməyən ölkələrə isə heç bir yardım göstərilməyəcək demişdi. Üstündən bir neçə il keçməsinə rəğmən artıq NATO ölkələrinin müdafiə büdcələrinin artırılmasına ehtiyac olduğunu görürük. Əgər zamanında Trampın çağırışına əməl edilsə idi, bu gün Ukrayna-Rusiya savaşı da olmazdı. Nəticə etibarilə də Rusiyanın Ukraynanı işğal etmək planları alt-üst olardı. İndi isə bu məsələnin geri dönüşü yoxdur. Ona görə də Yens belə açıqlama verməklə hər bir ölkəni müdafiə xərclərini artırmağa, Rusiyanın Ukraynada müvəffəqiyyətini qırmağa çağırır. Çünki bu birinci növbədə  NATO üzvü olan Baltik ölkələrinə təsir edəcək. Rusiyanın orada Sovet İttifaqından qalan maraqları mövcuddur. Əgər Rusiya Baltik cumhuriyyətlərində də eyni müvəffəqiyət qazansa, sıra Firlandiyaya gələcək. Firlandiya NATO üzvü olaraq həm Rusiya imperiyasına, həm də Sovet İttifaqına qalib gəlmiş nadir qonşu dövlətlərdəndir”.