Yeni dünya nizamı: Daha böyük hərbi və siyasi "iştahlar" meydana gəlir

Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, beynəlxalq aktyorlar artıq sülhə nail olmaq üçün çalışmırlar.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Münhen Təhlükəsizlik Konfransı haqqında danışarkən deyib.

“Mən dəfələrlə Münhen Konfransında olmuşam. Bu dəfə çox şey gördüm, lakin qorxuram ki, sülhün bərqərar olması və innovativ həllərin tapması üçün olan cəhdlərin kifayət qədər nəticəsi yoxdur. Mənə elə gəlir ki, artıq “sülh” - dünyada sevilməyən və arzuolunmaz sözə çevrilib”, - o bildirib.


Vuçiçin fikirlərini şərh edən siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a bildirib ki, ümumiyyətlə yer kürəsində yeni dünya nizami yaranır:
"Yeni dünya nizamının formalaşma prosesinin başa  çatması üçün müəyyən çalxantılara ehtiyac var. Həmin qarışıqlıqlar isə ancaq müharibələr ilə ola bilər. Təəssüf ki, müasir dünyada böyük müharibələrin qarşısını almaq mümkün olmadı. Türkiyə kimi ölkələrin səyləri isə nəticəsiz qaldı. Məsələn, Türkiyə Ukrayna savaşının olmasına nə qədər qarşı çıxsa da, alınmadı.  Bütün səylərinə rəğmən qardaş Türkiyə hazırda Yaxın Şərqdə müharibənin qarşısını ala bilmir. Eyni zamanda Türkiyə Cənubi Qafqaz məsələsində Nikol Paşinyanı ipə-sapa yatızdıramağı bacarmır. Burada isə ən böyük ittiham olunacaq tərəf beynəlxalq təşkilatlardır. Məsələn, Birləşmiş Millətlər Təşkilatı (BMT) sülhə xidmət edən qurum kimi dünya dövlətlərindən BMT-nin qətnamələrinə əməl olunmasını tələb etmir. Keçmiş Dağliq Qarabağ münaqişəsi ilə bağlı 4 məlum qətnaməsi var.  Bunların heç birini isə Ermənistandan istəmir. Həmçinin UNESCO təşkilatı da Ermənistanın  Azərbaycanın tarixi abidələrini məhv etməsi ilə bağlı hansısa addım atmayıb. Bu təşkilatlar öz öhdəliklərini yerinə yetirmədikcə və hücum edən tərəfə yerini göstərmədikcə, həmin tərəflər daha böyük qol-qanad açırlar. Nəticə etibarı ilə də daha böyük siyasi, hərbi iştahlar meydana gəlir və müharibələr baş verir". 

Ekspert onu da vurğulayıb ki, Vuçiçin açıqlaması təkcə Azərbayan və Ermənistan arasında olan məsələyə aid deyil:  
  "Toqquşmaların miqyası o qədər artıb ki, bunun qarşısını almaq mümkün deyil. Lokal və dövlətlərarası toqquşmanın qarşını müəyyəm qədər dayandərmaq olar. Amma indi dünya şahmat taxtasıdır. Taxtanın bu başındakı hadisə ilə digər tərəfindəki hadisə birbaşa əlaqəlidir. Bu gün Şərqi Avropadakı vəziyyət ilə Yaxın Şərqdəki hadisə bir-birinə bağlıdır. Yaxın Şərqdəki hadisə isə Cənubi Qafqaza təsir edir. Dünya dövlətləri isə bir regionda olan məğlubiyyətin əvəzini digər regionda çıxmağa çalışır. Belə olan halda isə sülh və əmin amanlıqdan danışmaq mümkün deyil".

Kənan Novruzov Azərbaycan və Ermənistan arasında olan məsələyə də aydınlıq gətirib:
"Azərbaycan ilə Ermənistan arasında sülh məsələsi heç vaxt olmadı qədər yaxındır. Sülhə əngəl olan maneələrin müəyyən qədəri aradan qalxıb. Amma həll olunası bir neçə proses qalmaqdadır. Minalı ərazilərin xəritələrinin verilməsi və anklavlar məsələsi  öz həllini tapmalıdır. Xüsusilə də Ermənistan qanunvericiliyində konstutusiyaya dəyişiklik etməlidir".