Tehran hökuməti 2009-cu ildən Əl-Qaidəyə İrandan keçən əsas koordinasiya xətti vasitəsilə öz terror fəaliyyətlərini asanlaşdırmağa, vəsaitləri və döyüşçüləri Cənubi Asiya, Suriya və başqa yerlərə köçürməyə icazə verib.
Bu barədə ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib.
“İran Əl-Qaidə üçün təhlükəsiz sığınacağa çevrilib. Əl-Qaidə rəhbərlərinin bu ölkədə olması barədə sübutların mövcudluğuna baxmayaraq, İran bunu inkar edir”, - açıqlamada qeyd olunub.
Həmçinin bildirilib ki, 1979-cu ildən bəri İran Yaxın Şərqdə qeyri-sabitliyin əsas amili kimi çıxış edir:
“İran terrorizmin əsas himayəçisidir. Bu ölkə Hizbullah, HƏMAS kimi proksi qrupları və terrorçular vasitəsilə Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə geniş spektrli terror və digər qeyri-qanuni fəaliyyətlərə şərait yaradır”.
İranın proksi qüvvələr vasitəsilə bölgədə hegemonluq yaratmağa çalışdığını vurğulayan Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, Tehran hakimiyyəti əvvəlcə uyğun gördüyü qurupları ideoloji olaraq yetişdirir, daha sonra isə həmin qrupların əlinə silah verir:
"İran onsuz da Yəmən, İraq, Suriya və Livanda bəslədiyi qüvvələri inkar etmir. Eyni zamanda İran daxili siyasəti də iflas edib. İndi İranın əsas siyasəti dövlətin maraqlarını və hegemonluğunu gücləndirməkdir. Buna görə də ideologiyası zəif olan qruplardan istifadə edir. Həmçinin bölgədə gərginlik və qeyri-sabitliyin əsas səbəkarı da İrandır. Gərginlik Tehranın işinə yarayır. Çünki təhlükəsizlik məsələsi yaradaraq daxildə baş verən etirazları susdurur və bölgədə maraqlarını qoruyur. Digər tərəfdən isə bunlar nüvə silahları ilə bağlı əsaslandırmaların bəhanələri kimi də qiymətləndirilir. İran daxili siyasətdə xalqa rifah və demokratiya gətirməkdən tamamilə uzaqlaşaraq bölgədə hərbi bazaya çevrilib. Bununla da həm öz daxilində silahlanır, həm proksi qüvvələr vasitəsilə savaşını davam etdirir”.